Şriftin ölçüsü :

Saytın rəngi :

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir

23 sentyabr 2020 | 16:00
Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatı bütün dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanması və dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılmış universal beynəlxalq təşkilatdır.  BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik nümayiş etdirilir. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da imzalanmış və 1945-ci il oktyabrında qüvvəyə minmişdir.
Azərbaycan isə, müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur.
Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir.

Bildiyimiz kimi, insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın korlanması ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi    Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymur və bu proses bu gün də davam edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə maneə ola bilərdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu. Bu gün dünyanın əksər dövlətləri    Ermənistanı öz təcavüzkar, avantürist siyasətindən əl çəkməyə çağırsa da, onlar buna məhəl qoymur tam əksinə, müttəfiqlərinin əmrlərini icra edirlər.   
  Düşmənin son günlər ərzində cəbhədə yenidən fəallaşması bizi bir daha əmin edir ki, Ermənistan hakimiyyəti heç vaxt öz işğalçılıq siyasətindən geri durmayacaq.  Ölkənin baş naziri Nikol Paşinyan öz sələflərinin yolunu davam etdirir və onların işğalçılıq siyasətini həyata keçirir. Bu isə biz gənclərə belə qənaətə gəlməyə əsas verir ki, Ermənistanda hakimiyyətdə kimin olmasının heç bir əhəmiyyəti yoxdur, bütün hakimiyyət bir qisim şəxslər tərəfindən idarə olunur. Ermənistan tərəfinin məzlum imici alması, özlərini dünyaya yazıq xalq olaraq göstərməsi bizi aldatmamalıdır, onlar, sadəcə, öz maraqları üçün hər cildə girməyi bacarırlar. Belə ki, yaxın keçmişə nəzər salsaq görərik ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə sülhün tərəfində olmasını bildirdi və əvvəlkilərdən fərqli olaraq münaqişənin tez bir zamanda həll edilməsi üçün sülh danışıqlarına başlayacağının anonsunu verdi.
Bildiyimiz kimi, bu gün Azərbaycanın güclü siyasi rəhbəri və möhtəşəm ordusu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın həyata keçirdiyi siyasətlə bağlı sərt mövqedədir. Sentyabrın 21-də    Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda 182 ölkə arasında 6-cı olaraq çıxış edən dövlətimizin başçısı İlham Əliyev bir daha dünyanın diqqətinə çatdırdı ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir və o, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərt” tərəfimizdən rədd edilmişdir və sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır! 
  Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır!.
Hər kəs kimi, biz gəncləri narahat edən digər aktual, həlli vacib məsələlərdən  biri də, dünyada tüğyan edən koronavirus pandemiyasıdır. Bu  profblem, həm bəşəriyyətin, həm dövlətlərin, həm də, insanların həyatına ciddi şəkildə öz mənfi təsirini göstərir.  Azərbaycan hökuməti də bu mənada istisna deyil. Azərbaycanda da COVID-19 pandemiyası yayıldığından hökumətin başlıca vəzifələrindən biri pandemiya ilə mübarizənin aparılmasından ibarətdir. Azərbaycan hökumətinin pandemiya ilə mübarizədə özünü biruzə verən ən vacib cəhətlərdən biri böyük humanizmdir və Prezident İlham Əliyevin siyasətində bunu aydın şəkildə görmək mümkündür. Hazırki şəraitdə pandemiyanın iqtisadiyyata vurduğu zərbə aradan qaldırılır. Prezidentimizin qeyd etdiyi kimi, bizim həyata keçirdiyimiz siyasətlə əlaqədar olaraq insanların sağlamlığının qorunması ilə pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması arasında seçim etmək lazım gələrsə, bizim üçün əsas olan insanların sağlamlığıdır. Azərbaycan dövlətinin vətəndaşının sağlamlığının qorunması istiqamətində həm qabaqlayıcı sosial izolyasiya tədbirləri, həm də pandemiyanın zərərlərindən az itki ilə çıxması istiqamətində həyata keçirdiyi çoxşaxəli Tədbirlər Planı dünya üçün nümunəvi model və təcrübəyə çevrilib.    Məhz bunun nəticəsində Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə daha müsbət nəticələr verib. Azərbaycanda da həyata keçirilən sosial izolyasiya tədbirlərinin yaratdığı zərurət əsasında insanların evdə qalması nəticəsində müəyyən sosial problemlərin yaranması təbii hal idi. Dövlət hər zaman olduğu kimi, bu dəfə də ən çətin məqamda vətəndaşını darda qoymayaraq müxtəlif birdəfəlik yardımlar, eləcə də sahibkarlıq subyektlərinin dəstək proqramları ilə pandemiya ilə mübarizədə ən operativ və adekvat qərar qəbul edən ölkələrdən biri olduğunu sübut etdi. Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılan iaənələr də göstərdi ki, Azərbaycanda dövlətlə cəmiyyət eyni nöqtəyə vurur. Dərhal operativ tədbirlərin görülməsi sayəsində, eləcə də, sərt karantin qaydalarının tətbiqinə görə, ölkəmiz koronavirusla mübarizə baxımından ilkin mərhələni az itkilərlə başa vurdu. Dövlətin ən qiymətli sərvəti onun vətəndaşıdır. Ölkəmizdə pandemiya ilə mübarizə istiqamətində görülən tədbirlər məhz vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir. Bu sahədə    Azərbaycan dünyaya nümunəvi dövlət olduğunu sübut etdi. Azərbaycanın atdığı addımlar təkcə ölkə daxilində deyil, eləcə də beynəlxalq təşkilatlar, dünya ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Lakin koronavirusun yayılmaması üçün mühüm şərtlərdən biri vətəndaşların şəxsi davranışlarıdır. Azərbaycanda karantin rejiminin yumşlaması ölkəmizin birinci mərhələni uğurla başa çatması nəticəsində reallaşıb. Lakin vətəndaşlar bu məsuliyyəti dərk etməsələr, dövlətin bu sahədə apardığı işə dəstək verməsələr, COVİD-19 pandemiyası yenidən alovlana bilər. Belə olan halda, Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, karantin rejimi əvvəlki vəziyyətinə gətirilə, qaydalar sərtləşdirilə bilər. Bunun baş verməməsi üçün, vətəndaşlarımız sosial məsuliyyətini dərk etməli, ilkin mərhələdə göstərdiyi həmrəylik, birlik nümunəsini ortaya qoymalıdırlar.
  Azərbaycanın beynəlxalq nüfuzunun uzun tarixi keçmişi var. Dövlətimizin adını ucaldacaq hərəkətlərdən biri də, məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Mənim kimi digər gənclər, ümumilikdə bütün xalqımız belə mərd, xeyirxah tarixi şəxsiyyəti ilə daim fəxr edir. Azərbaycanla Pakistan arasında mövcud olan strateji dostluq münasibətlərinin əsl səbəbini, dərinliyini yəqin ki, çox insan yaxşı bilmir. Sirr deyil ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ona görə də bir çox insanlar Azərbaycan-Pakistan tərəfdaşlığının 1991-ci ildən sonra, yəni müstəqillik dövründə formalaşdığını düşünür. Lakin bu əlaqələrin əsasının qoyulması Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. Belə ki, 20-ci əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyiışirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Ona görə də bu gün də 200 milyonluq Pakistan xaqlı və dövləti Hacı Zeynalabdin Tagıyevin ruhuna dualar oxuyur. Qeyd edək ki, Pakistan indiyə qədər Ermənistanı suveren dövlət kimi tanımır və Dağlıq Qarabağ probleminə münasibətdə    Azərbaycanı dəstəkləyir. Hətta zamanlar cəbhədə ağır döyüşlər gedən zaman mediada Pakistan ordusunun döyüş vəziyyətinə gətirildiyi barədə məlumat da yayılmışdı. Qeyd edək ki, indi də Azərbaycan tərəfdən xeyriyyəçilik ənənələri qorunub saxlanılır. Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib və bir sıra humanitar aksiya həyata keçirilib. Hazırda da dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.
   Sonda, ictimai-fəal bir Azərbaycan gənci, Bakı şəhəri, Xəzər rayon sakini kimi qeyd etmək istəyirəm ki, birinci növbədə müxalifətdə olanlar, xaricdə mövcud hakimiyyət əleyhinə kompaniyalar təşkil edənlər başa düşməlidirlər ki, Azərbaycan bütün azərbaycanlıların vətənidir. Azərbaycan hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  düşünülmüş siyasət nəticəsində  dünyada ən sürətlə inkişaf etmiş lkələrdən birinə çevrilmişdir. Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır. İndiki zamanda bir sıra fikir ayrılıqlarını bir kənara qoyub cənab Prezident ətrafında  daha sıx birləşərək Azərbaycanın qarşısında duran yeganə məsələ olan Ermənistan - Azərbaycan, Dağlığ Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq, torpaqlarımızı işğaldan azad etmək lazımdır. Bu vəzifə dünyada yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.
    Mən də öz növbəmdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpağını yağı düşməndən azad etməyə qadirəm! Bu müqəddəs vəzifə bizim çiyinlərimiz üzərində durur. Haqq işimizdə, tutduğumuz bu düz yolda heç kəs və heç bir qüvvə bizə maneə ola bilməz!
Bu yolda bütün vətənpərvər gənclər kimi, mən də döyüş meydanında düşməni məhv etməyə və hətta, şəhid olmağa  belə hazıram!

Nuralı Müşfiq   oğlu Əlizadə.  
             
           
Azərbaycan Respublikası Şəhid Ailələrinə

          “Qayğı” Cəmiyyəti Gənclər təşkilatının sədri.
            Xəzər rayon sakini

Keçidlər