Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır
Cənab prezidentin qeyd etdiyi məqamlar hər bir azərbaycanlı üçün mühüm əhəmiyyət kəsb edir və xüsusən də gələcək nəslin bütün bu tarixi hadisələri bilməsi onların layiqli bir vətəndaş kimi yetişməsində olduqca əhəmiyyətlidir.
Ölkə başçısının kəskin bir şəkildə qeyd etdiyi «Qarabağ Azərbaycanındır !» ifadəsi vətəndaşlarımızda vətənpərvərlik hissini daha da yüksəldir, torpaqlarımızın tezliklə hər-hansı yolla olursa-olsun düşmən tapdağından azad olunacağına ümidi daha da artırır.
Bəli, Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bu bölgə Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Bəzi məlumatlara görə, "Qarabağ" anlayışı VII əsrdən etibarən işlənməyə başlanmış, XII əsrdən etibarən isə geniş yayılmışdı. "Qarabağ" "qara" və "bağ" türk-Azərbaycan sözlərinin birləşməsindən əmələ gəlmişdir ("qara" sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı, "böyük", "qalın", "sıx" mənasında da işlənir).
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Ona görə də ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar.
1989-cu ilin avqust-dekabr ayları ərzində, yəni İttifaq hakimiyyyətinin kifayət qədər möhkəm olduğu bir vaxtda Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələri üzərinə 91 dəfə silahlı basqın həyata keçirilmiş və bunun nəticəsində 52 nəfər öldürülmüş, 166 nəfər yaralanmışdı. 1990-cı il yanvar ayının 18-də isə Naxçıvan Muxtar Respublikasının Kərki kəndi erməni silahlıları tərəfindən işğal edilmişdi. Başqa sözlə, hələ sovet hakimiyyəti illərində Azərbaycan ərazisi Ermənistanın hərbi işğalına məruz qaldı.
1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər ölmüş, 1808 nəfər yaralanmışdır. Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, həmin terror aktlarının 32-si Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilmişdir.
Həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən maddi - mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin "arxivi", səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır.
Dağıdılmış, talan edilmiş qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət və mənəviyyat abidələrimizin yenidən bərpası bir vətəndaşlıq borcu kimi bugünkü nəslin üzərinə düşür.
1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə mövcud münaqişədə atəşkəs əldə olunmuşdur. Dağlıq Qarabağdakı separatçı-terrorçu qurum atəşkəs rejimindən sui istifadə edərək beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmaq məqsədi ilə son illər ərzində zəruri "dövlət institutları" ("parlament", "nazirliklər", "ordu", "komitə" və "idarələr") təsis etmiş, bir neçə ölkədə öz "nümayəndəlik"lərini açmışdır. 2001-ci ilin mart ayından bu ərazilərdə yaşayan vətəndaşlara onların qondarma qurumun və Ermənistan Respublikasının vətəndaşı olduqlarını təsdiq edən yeni "pasportlar"ın verilməsinə başlanmışdır.
Daha sonra münaqişənin ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb. ATƏT-in tərkibində yaradılmış Minsk qrupunun vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin həllində məhkəmə rolunu oynamaq idi. Minsk qrupuna Türkiyə də daxil olmaqla, 17 dövlət üzvdür. Onlardan yalnız üçü – Rusiya, Fransa və ABŞ həmsədr dövlətlərdir. Bu həmsədrlər 1995-ci ildən etibarən münaqişənin həllində iştirak edirlər. Lakin onlar işğala son qoyulması üçün hələ də ciddi addımlar ata bilməyiblər.
Azərbaycan mövcud münaqişənin əsasən sülh yolu ilə həllinin tərəfdarı olmuşdur.
Lakin düşmən Ermənistanın təxribatları, atəşkəs rejimini mütəmadi olaraq pozması sülh danışıqlarının nəticəsini sıfra endirmişdir. Həmçinin Ermənistan rəhbərliyinin cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıqları mənasız etmişdir.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyini beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir. Həmçinin beynəlxalq təşkilatların münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri vardır.
Belə ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir. Söhbət 822, 853, 874 və 884 saylı qətnamələrdən gedir. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan dərhal çıxarılması tələb edilir. Bundan başqa, 2008-ci il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını tələb edən qətnamə qəbul edilib. Sənəddə azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ da təsdiqlənib.
Beynəlxalq təşkilatların münaqişə ilə bağlı qətnamələri böyük əhəmiyyət kəsb edir. Bu qətnamələr beynəlxalq hüququn əsas mənbələrindən biridir. Beynəlxalq prinsiplər və beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr Azərbaycanın leyhinədir. Beynəlxalq təşkilatların Ermənistanın xeyrinə qətnamə qəbul etdiyinə dair bir nümunə belə, yoxdur.
Lakin cənab prezidentin də qeyd etdiyi kimi «"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr 20 ildən çoxdur ki, kağız üzərində qalır".
2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında cəbhə xəttində Erməistanın təxribatı nəticəsində yaranan döyüşlər düşmənin sülh danışıqlarına məhəl qoymamasını və Azərbaycan ordusunun hərbi qüdrətinin nə qədər yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.
İnanıram ki, Azərbaycan xalqı və dövləti öz əzəli və tarixi torpaqlarını ölkə başçımızın apardığı qətiyyətli, əsaslı və davamlı siyasət nəticəsində yaxın zamanda nəyin bahasına olursa - olsun düşmən tapdağından azad edəcək. Bunun üçün dövlətimizin güclü hərbi potensialı mövcuddur və hər birimiz də layiqli vətəndaş kimi bu yolda birlik olaraq əlimizdən gələn dəstəyi vətənimizdən əsirgəməməliyik.
Pənahov Anar Elman oğlu
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin
Böyük məsləhətçisi.