Şriftin ölçüsü :

Saytın rəngi :

`

Xəzər Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş

HESABATI

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclası keçirilmişdir. Ölkə başçısı yola saldığımız ilin yekunlarına qiymət verərək cari ildə ölkə iqtisadiyyatının qarşısında dayanan əsas strateji hədəfləri müəyyənləşdirmişdir. İclasda səslənən fikirlər deməyə əsas verir ki, dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi     Azərbaycanın  hər bir vətəndaşı üçün firavan həyat tərzinin təmin  olunmasından və ölkədə azad və demokratik cəmiyyətin  qurulmasından ibarətdir. Dünyada baş verən maliyyə böhranına, eləcə də dünya iqtisadiyyatında cərəyan edən mənfi amillərə baxmayaraq 2016-cı ildə Azərbaycanda inamlı inkişafın davam etdirilməsi dövlət başçısı tərəfindən xüsusi qeyd olunmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün bölgələrlə  bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı sürətlə davam etdirilir. Həmişə olduğu kimi ötən dövrdə də yenidənqurma işləri Xəzər rayonunda uğurla həyata keçirilmişdir. 2016-cı ildə  rayonun iqtisadi və sosial həyatında baş verən  pozitiv dəyişikliklər  bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
     Hesabat dövründə rayon üzrə sənaye  məhsulu istehsalı 146 milyon 590 min manat təşkil etmişdir. Sənaye məhsullarının ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 98 % olmuşdur.
Ticarət şəbəkəsindən satılmış məhsulların 12,4 %-i hüquqi şəxs kimi fəaliyyət  göstərən ticarət  təşkilatları, 87,6 % -i isə hüquqi şəxs yaratmadan  fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 579,4 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı 443,9 manat, tikinti kompleksində  çalışanların orta aylıq əmək haqqı 430 manat  təşkil etmişdir.
      Hesabat  dövründə rayon üzrə 3424 yeni iş yeri açılmışdır. Bunlardan 222-i yeni yaradılmış  müəssisə və təşkilatlar, 1477-i  mövcud müəssisə  və təşkilatlar, 1715-i  isə fiziki şəxslər tərəfindən açılmışdır. 2013-cü ildən bu vaxta kimi rayon  ərazisində 21 min 928 yeni iş yeri açılmışdır.
    Hesabat dövrü ərzində rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2016-cı il ərzində məişət tullantıları meydançalarından 108104 m3 məişət və digər bərk tullantılar yığılaraq daşınmışdır.
Hesabat dövründə Birliyin su maşınları ilə xidməti ərazilər, məcburi köçkünlər, idarə və təşkilatlar 32000 ton içməli su ilə təmin edilmişdir.
     2016-cı il ərzində müəssisə və təşkilatlardan, o cümlədən Birliyin xidmət ərazilərindən 8463 ton çirkab maye yığılaraq daşınmışdır.
Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 131 saylı MKİS-in xidmət ərazisində yerləşən Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 1a saylı binanın qarşısında sakinlərin istirahəti üçün yaradılacaq parkla əlaqədar olaraq, orada qeyri-qanuni bağ-bağçalar, kiçik torpaq sahələri, inşa edilmiş qaraj və kiçik ölçülü tikililər sökülmüşdür.
   Binə qəsəbəsi, Zabit heyyəti küçəsində yerləşən 1, 2 və 3 saylı evlərin fasadında təmir və rənglənmə işləri, Ə. İsazadə küçəsi, 3 saylı binanın fasadında isə əsaslı təmir işləri aparılmışdır.
    Binə qəsəbəsi, H.Hasilov 13, 2146-cı məhəllə, 21, 23, 25, 27, İ.Əhmədov 2 və 2a, 2147-ci məhəllə, 3 və 5 saylı binaların ətrafındakı açıq sahələr 3700 m2 quru otlaqlardan təmizlənmişdir.
Binə qəsəbəsi, mərkəzi yolun divarlarının və evlərin fasadlarının rənglənməsi üçün 1400 kq emulsiya, 700 kq rəngli boya ayrılmışdır.
   İ.Əhmədov küçəsi, 2 saylı binanın giriş qapıları rənglənmiş, həyətyanı sahədə alaq otları təmizlənmiş, ağacların gövdələri ağardılmış və həmin binanın qarşısında sakinlərin istirahəti üçün 2 ədəd oturacaq,     R.Məmmədhüseynov küçəsi, 2 saylı, 5 mərtəbəli binanın girişlərinə isə 6 ədəd dəmir qapı quraşdırılmışdır.
  131 saylı MKİS-in xidmət ərazisində yerləşən 4 yaşayış binasında 60 mənzilin tüstü bacaları və havadəyişmə kanalları təmizlənmişdir.
  136 saylı MKİS-in xidmət ərazisində yerləşən Buzovna qəsəbəsi, V. Seryogin küçəsi, 8a, 10a, 12, R. İmanov küçəsi, 36, 38a saylı binaların ətrafında abadlıq işləri görülmüşdür.
   R. İmanov küçəsi, 28 saylı, 5 mərtəbəli binanın girişlərinin 780 m2 pilləkən qəfəslərinin sahəsi, divar və tavanları rəngli sulu boya ilə rənglənmişdir.
R. İmanov 28, 36, 38a, keçid 2151, V.Seryogin 10, 12 və G.Məmmədov 6a, 8, 8a, 9, 10 saylı binanın ətrafı 290 m2 quru otlardan təmizlənmişdir.
136 saylı MKİS-in xidmət ərazisində yerləşən 2 yaşayış binasında 21 mənzilin tüstü bacaları və havadəyişmə kanalları təmizlənmişdir.
140 saylı MKİS-in xidmət ərazisində yerləşən Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, keçid 1349 ünvanında yerləşən 5 mərtəbəli 4 yataqxana binasının girişlərindəki mərtəbələrarası divarların 850 m2 sahəsi rənglənmiş, dam örtüyü 540 m2 şüşəli ruberoidlə cari təmir olunmuş, binanın zirzəmisində su təsərrüfatına aid 70 metr su borusu yenisi ilə əvəz edilmiş, yataqxana binalarının 27 mənzilinin tüstü bacaları və havadəyişmə kanalları təmizlənmiş və MKTB tərəfindən FHN-nin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə məlumat verilmiş və 9 mərtəbəli yaşayış binalarının su ilə təmin olunmasına xidmət edən su nasos stansiyasından transformatora daxil olan 160 metr gərginlik kabeli yenisi ilə əvəz olunmuşdur.
    140 saylı MKİS-in xidmət ərazisində yataqxana binalarının ətrafı 2000 m2 quru otlardan təmizlənmişdir.
  130 saylı MKİS-in xidmət ərazisində yerləşən zibil meydançaları əhəng məhlulu ilə ağardılmış, konteynerlər təmir edilərək rənglənmişdir.
   Şüvəlan qəsəbəsi, “Şimal DRES” yaşayış massivi, Dəniz döngəsi küçəsi, 3 mərtəbəli, 1 girişli, 1948-ci ildə inşa edilmiş 3 saylı binanın dam örtüyü bərbad hala düşdüyündən, Bakı Maliyyə İdarəsi tərəfindən ayrılmış 30 000,0 manat vəsait hesabına qeyd olunan binanın sıradan çıxmış azbest şifer materialları sökülərək, 790 m2 yeni şifer ilə dəyişdirilərək əsaslı təmir olunmuş, yağış suları üçün yeni navalçalar və 170 m2  asma tavan quraşdırılmış, o cümlədən isıq sistemləri yenilənmişdir.
     Mərdəkan qəsəbəsi, B. Əliyev küçəsi, 71 saylı yaşayış binasının 19, 20 saylı mənzillərinin dam örtüyü 180 m2 şüşəli ruberoidlə cari təmir olunmuşdur.
130 saylı MKİS-in xidmət ərazisində yerləşən 4 yaşayış binasının 42 mənzilində tüstü bacaları və havadəyişmə kanalları təmizlənmişdir.
2016-cı ilin yay aylarında mövsüm ilə əlaqədar olaraq isə 130 saylı MKİS-in xidmət ərazisindəki açıq sahələrdə 500 m2 sahəni əhatə edən quru otlar təmizlənmişdir.
Əlavə olaraq Şüvəlan qəsəbəsi, A.İldırım, M.Müşfiq və Mərdəkan qəsəbəsi, S.Yesenin küçələrində hasarların üzlük daşları və işıq dirəkləri təmizlənmiş,o cümlədən mövsümlə əlaqədar Mərdəkan-Buzovna yolunun sağ tərəfi 9 km məsafədə alaq otlarından tam təmizlənmişdir. Eyni zamanda Mayak yolu, Buzovna-Maştağa yolu, Zaqulba Dövlət İqamətgahından Bilgəh qəsəbəsi sərhədinə qədər alaq otları vurularaq daşınmışdır.
      Hesabat dövrü ərzində əhalinin maddi rifahının yaxşılaşdırlması məqsədilə Xəzər rayon Məşğulluq İdarəsi tərəfindən MKTB-ə 300 nəfər işçi qəbul edilmişdir. Bu işçilər qəsəbələr üzrə bölüşdürülmüş və onların normal fəaliyyəti üçün MKTB tərəfindən 189,0 min manat məbləğində müxtəlif ləvazimatlar, avadanlıqlar və xüsusi geyimlər alınmış və işçilərə paylanılmışdır. Bundan əlavə, sözügedən işçi heyyətinin və MKTB-in sanitar-təmizlik sahəsinin işçilərinin iştirakı ilə hesabat dövrü ərzində  Buzovna-Maştağa istiqaməti və “İqlim” müəssisəsinə gedən yolların kənarlarında böyük həcmdə abadlıq işləri aparılmış, alaq otları təmizlənmiş və 25 maşın torpaq-qarışıq digər bərk tullantılar yığılaraq daşınmışdır.
2016-cı il ərzində 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 111 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşən 24 yaşayış binası və 1 yataqxana ətrafında toplanan məişət tullantıları mütəmadi olaraq meydançalara daşınılmış, ərazidə olan 24 ədəd məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər vaxtı vaxtında təmir olunmuş və sıradan çıxmış konteynerlər yenisi ilə əvəz olunmuşdur.
      Hesabat dövrü ərzində 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 112 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşən Buzovna qəsəbəsi, N.İbrahimov küçəsi, 39 və 41 saylı binaların fasadı rənglənmiş, balansda olan binaların zirzəmiləri təmizlənmiş, bütün xidməti ərazi kiçik və iri qabaritli tullantılardan təmizlənmişdir.
İl ərzində 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 155 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində 16800 m3 həcmdə məişət tullantıları daşınmış, xidməti ərazidə olan 54 ədəd məişət tullantıları üçün nəzərdə tutulmuş konteyner təmir edilmiş, S.Dadaşov küçəsində yerləşən 2, 4, 6 saylı və B.Əliyev küçəsində yerləşən 2 və 70 saylı binaların dam örtüyü 661 m2 sahədə şüşəli ruberoidlə təmir edilmişdir. B.Əliyev küçəsi, ev 1, 2, S.Yesenin küçəsi, ev 92/2, 6, 7, 8, 9, S.Dadaşov küçəsi, ev 2 və Q.İsmayılov küçəsi, ev 1-in həyəti ümumilikdə 8380 m2 sahədə asfaltlanmışdır.
Xəzər rayon Sukanal İdarəsi tərəfindən 2016-ci il ərzində bir sıra işlər görülmüşdür. Belə ki, 40219 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş, 2787 ədəd su qəzası aradan qaldırılmışdır ki, onlardan da 195 ədədi binaların zirzəmilərində baş vermiş qəzalardır. Bu qəzalarda 32 p/m binaların zirzəmilərində olmaqla 618 p/m təmirə ehtiyacı olan köhnəlmiş su boruları dəyişdirilmişdir. Rayon ərazisində 772 ədədi Smart tipli, 1471 ədədi isə mexaniki sayğac olmaqla 2243 ədəd sayğac quraşdırılmış, 192 ədədi Smart tipli, 261 ədədi isə mexaniki sayğac olmaqla 453 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur. 8 ədəd siyirtmə dəyişdirilmiş, 23 ədəd siyirtmə isə təmir olunaraq bərpa edilmişdir. Rayon üzrə 26 ədədi “Dalma tipli” olmaqla 29 ədəd yeni su nasosu quraşdırılmış, 39 ədədi “Dalma tipli” olmaqla 163 ədəd su nasosu isə təmir edilərək işlək vəziyyətə gətirilmişdir.
       Rayon ərazisində kanalizasiya xidmətlərinin yaxşılaşdırılması yönümündə də bir sıra işlər görülmüşdür. Kanalizasiya sahəsi üzrə 4156 ədəd qəza və tutulma halları aradan qaldırılmış və binalardan zirzəmilərində olan köhnəlmiş təmirə ehtiyacı olan  260 p/m boru təmir olunaraq yenilənmiş, 41 295 p/m müxtəlif diametrli kanalizasiya xətti yuyulmuşdur. 20 ədəd kanalizasiya baxış quyusu təmir edilmiş, 7 ədəd baxış quyusu isə yenisi ilə əvəz olunmuşdur.
Bundan əlavə, Xəzər rayon Sukanal İdarəsi tərəfindən Mərdəkan qəsəbəsi B.Əliyev küçəsində  2 ədəd bulaq qurulub əhalinin ümumi istifadəsinə verilmişdir və rayon ərazisində mövcud olan 75 ədəd içməli su bulağı daim nəzarətdə saxlanılıraq su ilə təmin edilir. Eləcə də, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi və Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində 1 ədəd yağış barmaqlığı quraşdırılmışdır. Rayon ərazisində olan 35 ədəd yağış barmaqlığı mütəmadi olaraq təmizlənərək istismara yararlı halda saxlanılmışdır.
Rayon əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məsələsi daim prioritet olaraq qalmışdır. Bu istiqamətdə “Azərsu” ASC tərəfindən Dövlət proqramına uyğun olaraq tikinti təşkilatları tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, Zirə qəsəbəsində 1980 p/m müxtəlif diametrli su xətti çəkilmiş, 110 ədəd ev birləşməsi verilmiş, 246 ədəd smart tipli sayğac quraşdırılmış, Mərdəkan qəsəbəsində 2063 p/m müxtəlif diametrli su xətti çəkilmiş, 159 ədəd ev birləşməsi verilmiş, Şüvəlan qəsəbəsində 1904 p/m müxtəlif diametrli su xətti çəkilmiş, 77 ədəd ev birləşməsi verilmiş, Binə qəsəbəsində 3307 p/m müxtəlif diametrli su xətti, 2936 p/m kanalizasiya xətti çəkilmiş, 5 ədəd 5 mərtəbəli, 1 ədəd 2 mərtəbəli yaşayış binasında yerləşən 744 ədəd mənzilə smart tipli sayğac quraşdırılmış. Buzovna qəsəbəsində 6787 p/m müxtəlif diametrli su xətti çəkilmiş, 253 ədəd ev birləşməsi verilmiş, 220 ədəd smart tipli sayğac quraşdırılmış və Qala qəsəbəsində 18 066 p/m müxtəlif diametrli su xətti çəkilmiş, 1595 ədəd ev birləşməsi verilmiş, 1360 ədəd smart tipli sayğac quraşdırılmışdır.
      Ümumilikdə 2016-cı il ərzində “Azərsu” ASC tərəfindən Dövlət proqramına uyğun olaraq 2936  p/m müxtəlif diametrli kanalizasiya xətti, 34 107 p/m müxtəlif diametrli su xətti çəkilmiş, 1624 ədəd ev birləşməsi verilmiş, 2570 ədəd smart tipli sayğac quraşdırılmışdır.
Rayon üzrə 2016-cı il ərzində 4 978 900 manat həcmində su və kanalizasiya xidməti göstərilərək  4 739 912 manat müqabilində ödəniş qəbul edilmişdir ki, bu da ümumi planın 95.2 %-ini təşkil edir.
Görülən işlərin nəticəsi olaraq 2015-ci ilin sonunda idarə tərəfindən  78 358 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərildiyi halda , hal-hazırda bu göstərici 25 726 nəfər  abonent olmaqla 95 186 nəfər olmuşdur.
     2016-cı il ərzində Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki İstismar Xidməti tərəfindən rayon əhalisinin təbii qazla təmin olunmasında yaranan problemlərin aradan qaldırılması və qaz təchizatının yaxşılaşdırılması istiqamətində qəsəbələrdə aşağıdakı işlər görülmüşdür:
    Mərdəkan qəsəbəsi üzrə: R.Qasımov, S.Yesenin, H.Z.Tağıyev və Dənizkənarı küçələrində yeraltı qaz xətlərinin ləğv olunması məqsədilə 618 p/m D-57 mm-lik, 131 p/m D-76 mm-lik qaz xətti çəkilmiş, 1 ədəd DŞ-50 mm-lik siyirtmə, 1 ədəd 50 mm-lik qaz tənzimləyici, 100 m3/saatlıq və 500 m3/saatlıq olmaqla 2 ədəd ŞQTM quraşdırılmışdır.
   Şüvəlan qəsəbəsi üzrə: İ.Muradov, Nizami, Vidadi küçələrində təzyiq rejimlərinin tənzimlənməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici şkaflar quraşdırılmış, 720 p/m D-57 mm-lik, 220 p/m 108 mm-lik qaz xətti, Hacı-Mövlan bağlarında 16 p/m D-76 mm-lik, 17 p/m D-25 mm-lik qaz xətti çəkilmişdir. Gülçülük sovxozu ərazisində 1 ədəd 300 m3/saatlıq ŞQTM quraşdırılmış, Maligin küçəsində isə 1 ədəd 60 m3/saatlıq ŞQTM  300 m3/saatlıqla əvəz olunmuşdur.
    Şağan qəsəbəsi üzrə: N.Məmmədov küçəsində yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması üçün 1 ədəd 400 m3/saatlıq ŞQTM quraşdırılmışdır.
    Buzovna qəsəbəsi üzrə: Albalılıq yaşayış massivində 1 ədəd 300 m3/saatlıq ŞQTM quraşdırılmış, “Əli ayağı” ziyarətgahının yanından keçən D-108 mm-lik qaz xəttinin yeraltı hissəsinin yerüstü xətlərlə əvəz olunması tədbirləri çərçivəsində 70 p/m D-108 mm-lik, Tərəvəzçilik-südçülük sovxozu ərazisində qaz təchizatının yaxşılaşdırılması üçün isə 400 p/m D-57 mm-lik və 40 p/m isə D-32 mm-lik qaz xətti çəkilmişdir.
     Binə qəsəbəsi üzrə: Rəhmanov, R.Əşrəfov, Orconikidze, Məmmədyarov, N.Abbasov küçələri və M.Füzuli küçəsinin bir hissəsində yeraltı qaz xətlərinin ləğv olunması məqsədilə 2520 p/m D-57 mm-lik, 450 p/m D-108 mm-lik, 1023 p/m D-76 mm-lik qaz xətti çəkilmiş, 1007 ədəd qaz sayğacı köhnə xəttin üzərindən yeni xəttə köçürülmüşdür. Əlavə olaraq, qəsəbədə Donuzkökəltmə sovxozu adlanan ərazidə 1 ədəd qaz tənzimləyici şkaf, Atçılıq yaşayış massivində 1 ədəd 300 m3/saatlıq, Rəhmanov küçəsində isə 1 ədəd 700 m3/saatlıq ŞQTM quraşdırılmışdır.
     Qala qəsəbəsi üzrə: Hövsan südçülük sovxozu ərazisində abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1 ədəd ŞQTM quraşdırılmış və türmə ətrafı ərazilərdə qaz xətlərinin yeraltı hissəsinin yerüstü xətlərlə əvəz olunması tədbriləri çərçivəsində 80 p/m D-57 mm-lik qaz xətti çəkilmişdir.
     Türkan qəsəbəsi üzrə: “Türkan-2” QPS-dən Türkan qəsəbəsinə gedən D-219 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi üçün 570 p/m D-219 mm-lik qaz xətti çəkilmiş, Üzümçülük sovxozu ərazisində 1 ədəd 300 m3/saatlıq ŞQTM quraşdırılmış, Sovxoz və Poçt küçələrində 2 ədəd qaz tənzimləyici şkaf quraşdırılmışdır.
Əlavə olaraq, rayon ərazisində qaz təchizatının yaxşılaşdırılması məqsədilə 102 ədəd qaz tənzimləyici şkafda tənzimləmə işləri aparılmışdır.
    Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülmüşdür. Belə ki, 2016-ci il ərzində rayon ərazisində 43 ədəd KTM və 47 ədəd güc transformatoru dəyişdirilmiş, 7 ədəd yeni KTM quraşdırılmış, 25 KTM-də ÖİN xətti quraşdırılmış, 1163 ədəd Y/G izolyator ŞF-10 dəyişdirilmiş, 150 ədəd dayaq dəyişdirilmiş və 271 ədəd dayaq basdırılmışdır. 17332 metr məsafədə 6/10 kv-luq yeni kabel çəkilib, 1463 metr məsafədə isə dəyişdirilmiş, 14731 metr məsafədə 0,4 kv-luq yeni kabel çəkilib, 10835 metr məsafədə 0,4 kv-luq kabel isə dəyişdirilmiş, 17088 metr məsafədə 6/10 kv-luq yeni naqil çəkilib, 30654 metr məsafədə 6/10 kv-luq naqil isə dəyişdirilmişdir.
     Hesabat dövrü ərzində Şüvəlan qəsəbəsində KTM 847-nin bünövrəsi tikilmiş, 2 yeni KTM (KTM-1515 və KTM-1081), Binə qəsəbəsində 3 yeni KTM (KTM-93, KTM-744 və KTM-1311), Buzovna qəsəbəsində isə 2 yeni KTM (KTM-936 və KTM-614) quraşdırılmışdır.
   Zirə Enerji Təchizatı və Satışı Sahəsi tərəfindən əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə müəyyən işlər görülmüşdür. Zirə qəsəbəsində 3 ədəd yeni KTM (KTM-1281; KTM-290; KTM-1096) quraşdırılmış, 4 KTM-də (KTM-1253; KTM-115; KTM-1264; KTM-162) profilaktik təmir işləri görülmüş, TM-1096 yaxınlığında yeni KTM quraşdırılmış və bu KTM-ə 1500 metr kabel xətti çəkilmiş, KTM-339 yeni KTM-lə əvəz olunmuş və KTM-də gücü 400 kVA olan transformator quraşdırılmış, PQ-62 – KTM-1757 arası çəkiləcək yeni 6 kV-luq hava xətti üçün 44 ədəd dayaq basdırılmışdır.
    Türkan qəsəbəsində 5 KTM-də (KTM-180; KTM-236; KTM-398; KTM-1074; KTM-1251) profilaktik təmir işləri görülmüş, y/st Türkan-2 – KTM 244 və TM 352-də ikidövrəli 6 kV-luq hava xətti təmir olunmuş, y/st 403 və QPQ-452-də 6 kV-luq kabel xətti sınaq olunmuş, mühafizəsi yoxlanılmış, istismara buraxılmış, TM-381-də 6 kV-luq giriş və çıxış xətləri yeni TM-ə köçürülmüşdür.
Xaşa-Xuna yaşayış massivi ərazisində 3 KTM-də (KTM-446; KTM-247; KTM-1705) profilaktik təmir işləri görülmüş və bir yeni KTM (KTM-283) quraşdırılmışdır.
   Hazırki dövrdə əhalinin rabitə və informasiya texnologiyalarına çıxış imkanlarının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xəzər Telefon Qovşağının 01.01.2017-ci il tarixinə montaj tutumu 69482 nömrə və abunəçi tutumu isə 58927 nömrə təşkil etmişdir. Bu da öz növbəsində ümumi tutumun 85%-ini təşkil edir.
   Hesabat dövrü ərzində Xəzər Telefon Qovşağı “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində də bir sıra işlər görmüşdür. Belə ki, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivində 32 port internet və abunəçi tutumu artırılmışdır və Albalılıq yaşayış massivi ərazisində yerləşən EATS-453 dəyişdirilərək NGN (Next-Generation Network) şəbəkəsinə keçirilmiş və 192 ADSL portu artırılmışdır.
    Hesabat dövrü ərzində Binə qəsəbəsi, Vaqif küçəsində 896 No.li EATS quraşdırılıb, istifadəyə verilib və paylayıcı şkaflara 1400 para-magistral kabellər qoyulmuşdur. Hövsan südçülük sovxozu ərazisində 200 abunəçi telefonla təmin edilmişdir.  Ümumilikdə rayon ərazisində abunəçiləri yüksək sürətli internetlə təmin etmək məqsədilə 42 ədəd AİK (ayrılmış internet kanalı) istifadəyə verilmişdir.
Qovşağın xidməti ərazisində 2016-cı il ərzində 404 ədəd telefon dirəyi yenisi ilə əvəz olunmuşdur. 202 ədəd yardımçı dirəkdən istifadə edilərək dayaqların bərkidilməsi  təmin edilmişdir. 790 ədəd abunəçi xətləri xırda tutumlu kabellərlə və yeni P-274 naqillərlə dəyişdirilmiş, 93 ədəd bölüşdürücü şkaf rənglənmişdir. Yolların genişləndirilməsi ilə əlaqədar kabellərin yeni kanallara köçürülməsi işləri aparılmışdır. 3500 metrə yaxın müxtəlif kabel xətlərində təmir işləri aparılmışdır. 152 ədəd kabel-kanal quyusunda təmir-tikinti işləri aparılmışdır.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsində 2016-ci il ərzində 1560 nəfər  fərdi sahibkarlıq fəaliyəti ilə məşgul olan sığortaedən qeydiyyatdan keçmişdir.
    Bundan əlavə Pensiya təyinatı sektoru üzrə 01.01.2017-ci il  tarixə olan vəziyyətə görə 17073 əmək pensiyaçısına pensiya ödənilir. Hesabat dövrü ərzində şöbə tərəfindən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 39794,2 min manat təşkil etmişdir. Həmin maliyyələşmə 30.12.2016-cı il tarixində başa çatdırılaraq, 17073 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi təmin edilmişdir. Onlardan yaşa görə 10956 nəfər, əlilliyə görə  4353 nəfər (o cümlədən I qrup – 508 nəfər, II qrup – 3502 nəfər, III qrup – 343 nəfər). Ailə başçısının itirilməsinə görə 1764 nəfər pensiyaçıya vəsait ödənilmişdir.
      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2016-cı il tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar ləğv edilmişdir. Belə ki, yeni qaydalar Vahid Elektron Müraciət və Təyinat Alt Sistemini (VEMTAS) özündə əks edir və ÜDSY-ın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi normalarını tənzimləyir.
       Hal-hazırda rayon üzrə 4310 nəfər 653176,2 manat məbləğində ünvanlı dövlət sosial yardımı alır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin sosial iqtisadi, regional inkişafına dair imzaladığı Fərman və Sərəncamlarla təsdiq olunmuş Dövlət Proqramlarında ölkədə yoxsulluğun aradan qaldırılması, əhalinin, xüsusilə aztəminatlı təbəqələrin məşğulluğunun təmin edilməsi dövrümüzün ən vacib, başlıca vəzifələrindən biri kimi müəyyən edilmişdir.  
2016-cı il ərzində işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə Xəzər rayon Məşğulluq Mərkəzinin əsas vəzifəsi bilavasitə işəgötürənlərlə əlaqələrin yaradılmasına, boş iş yerləri (vakansiyalar) haqqında məlumatların tam və dolğun toplanmasına, işaxtaranlara münasib işin seçilməsi müddətinin azaldılmasına, işsizlik dövrünün qısaldılmasına yönəlmişdir.
     Belə ki, 2016-cı ilin 12 ayı ərzində Mərkəzdə 6196 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmışdır. Onlardan 2082 nəfəri 29 yaşadək gənc, 36 nəfəri struktur dəyişikliyi ilə əlaqədar işini itirənlər, 1518 nəfəri kadr axıcılığı nəticəsində işdən azad olunanlar, 9 nəfəri hərbi xidmətdən tərxis olunanlar, 160 nəfəri qaçqın və məcburi köçkünlərdir. Hesabat dövrü ərzində Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 685 nəfəri münasib işlə təmin edilmişdir. İşlə təmin olunmuş 685 nəfərdən 20 nəfəri kvota üzrə işə düzəlmişlər. Onlardan 2 nəfəri 3-cü qrup əlil, 9 nəfəri qaçqın və məcburi köçkün, 3 nəfəri 20 yaşadək gənc,  2 nəfəri isə pensiya yaşına 2 ildən az qalmış şəxs, 1 nəfər isə cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxs və 1 nəfəri isə  əlil uşaqları tərbiyyə edən şəxsdir. 
Mərkəz tərəfindən hesabat dövründə 349 nəfər işsiz vətəndaşa işsizlik statusu verilmiş və  364 nəfərə işsizlik müavinəti təyin edilmişdir. O cümlədən müavinət təyin edilənlərdən 107 nəfəri qadındır.
     Hesabat dövrü ərzində işaxtaran vətəndaşların 12 nəfəri  “Xalçaçı”, 16 nəfəri “komputer texnikasının təmiri ustası”, 16 nəfəri “Əməliyyatçı mühasib”,16 nəfəri ”Aşbaz”, 16 nəfəri “elektrik təmirçisi ”, 16 nəfəri “Bərbər-manikürçü”,16 nəfəri ”Komputer dizayneri” və 16 nəfəri “katib -makinəçi”  peşə hazırlığı kursuna cəlb olunmuşdur. 
    2016-cı il üçün təsdiq olunmuş qrafikə əsasən Xəzər rayonunda yerləşən  orta ümumtəhsil məktəblərində peşəyönümü ilə bağlı tədbirlər keçirilmiş və ümumilikdə 1905 şagird  peşəyönümü məşğələlərinə cəlb olunmuşdur.
    Rayon ərazisində qeydiyyatda olan 480 müəssisədən 195 müəssisə fəaliyyət göstərir və onlarda 87-i qeyri-dövlət müəssisəsidir. Fəaliyyətdə olan müəssisə və təşkilatlardan  Mərkəzə hər ay orta hesabla 40-50-ə yaxın müəssisə vaxtında hesabat təqdim edir ki, onlardan 25-ə yaxını qeyri dövlət müəssisəsidir. Hər ay orta hesabla 20-25 boş (vakant) iş yeri toplanılıb qeyri-məşğul əhaliyə təqdim olunur.           
    2016-cı ilin  12 ayı ərzində Mərkəzə 6196 nəfər müraciət etmişdir. Onlardan iş tələbi ilə müraciət edən 5469 nəfərdən 685 nəfərin, müavinətlə bağlı müraciət edən 720 nəfərdən 364 nəfərin müraciəti müsbət həll olunmuşdur.
     Hesabat dövrü ərzində  Mərkəzə 401 ədəd ərizə və şikayət daxil olmuşdur ki,  işlə bağlı 400  ərizədən 11-i öz müsbət  həllini tapmışdır.
01.01.2017-ci il tarixə Mərkəzdə 8817 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır ki, onlardan 1203  nəfəri işsiz statusu almış vətəndaşlardır.
   Əhalinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən  Xəzər rayonuna 300 ştat vahidi iş yeri ayrılmış və rayon  ərazisində yaşayan  işsiz, aztəminatlı ailələrin üzvlərindən ibarət 300 nəfər işə qəbul edilmişdir.
Cari ildə kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə birgə 2016-cı il ərzində Zirə və Mərdəkan qəsəbəslərində işgüzar forumlar keçirilmişdir. 29 mart 2016-cı il tarixində Zirə qəsəbəsində keçirilmiş forum çərçivəsində 10 sahibkarlıq subyektinə 100 min manat güzəştli kredit verilmişdir. 28 oktyabr 2016-cı il tarixində Mərdəkan qəsəbəsində keçirilmiş forumda isə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlət tərəfindən güzəştli kredit ayrılmış Zirə qəsəbəsində 12,3 ha ərazidə illik istehsal gücü 4,5 min ton tərəvəz olan müasir istixana komplekslərinin fəaliyyətinə baxış keçirilmişdir. Həmçinin, müasir istixana kompleksinin, ixtisaslaşdırılmış yaşıl marketin, kiçik həcmli istixana, zeytunçuluq və bağçılıq (badam) təsərrüfatlarının, ət kəsimi və dekorativ süni üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olmuşdur.
Ümumilikdə 2016-cı il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 33 sahibkarlıq subyektinə cəmi 12 milyon 316 min manat güzəştli kredit verilmişdir. Bu da öz növbəsində 450 yeni iş yerinin açılmasına şərait yaratmışdır.
    Rayon ərazisində kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə Türkan qəsəbəsində 7,5 ha ərazidə ildə 2,3 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan müasir istixana kompleksi tikilmişdir.
    Zirə qəsəbəsində 10 ha ərazidə illik istehsal gücü 4 min ton tərəvəz olan və 6,2 ha ərazidə illik istehsal gücü 2,5 min ton məhsul olan istixana kompleksinin tikintisinə başlanılmışdır. Bundan  əlavə, Zirə qəsəbəsində 3,4 ha, 16 ha və 5,5 ha ərazini əhatə edəcək istixana komplekslərinin tikintisinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə vəsaiti ayrılmış və işlərə başlanılması nəzərdə tutulub.
2016-cı il ərzində Xəzər rayon İcra Hakimiyyəti öz daxili imkanları  hesabına  qəsəbələrdə geniş abadlıq-quruculuq işləri  həyata keçirmişdir.
   Belə ki, Mərdəkan qəsəbəsinin girişində  yüksək memarlıq üslubunda tikilmiş  yeni İstirahət Parkı sakinlərin istifadəsinə  verilmişdir. 3600 m2 sahəni əhatə edən parkın  tikintisinə 275 m3 beton, 1200 m2 hörgü işi görülərək, bəzək   dekorativ daşlarla üzlənmiş, 2700 m2  bəzək daşı döşənmiş, 970 p/m bardür düzülmüş, 520 p/m  səki salınmışdır. Parkın ərazisində  30 ədəd işıq dirəyi basdırılmış və 40 ədəd  LED işıq fənərləri çəkilmişdir. Həmçinin əraziyə 1500 m3 münbit torpaq gətirilərək orada 120 ədəd dekorativ ağac, 3000 ədəd bəzək  kolları əkilmiş, suvarma sistemi qurulmuşdur.  Qəsəbədə yerləşən Dendrologiya İnstitutunun 311 m2,  zabitlər evinin isə 160 m2 köhnə  hasarları sökülərək müasir üslubda yenidən  tikilmiş və aqlay daşı ilə üzlənmişdir. Həmin ərazidə səkilərə  650 m2 asfalt  örtüyü salınmış, 350 m2  bəzəkli daş döşənmişdir.
    Ümumilikdə Mərdəkan qəsəbəsinin küçələrinə 5762 p/m bardür düzülmüş, 1250 m2aqlay üzlük və 530 p/m naxışlı daş vurulmuşdur.
   Mərdəkandan Şüvəlana gedən yolun səkiləri, yolkənarı hasarların yenidən bərpası, abadlaşdırılması, işıqlandırılması işləri görülmüşdür. Mərdəkan və Şüvəlan qəsəbələrinin mərkəzi küçələrində və digər yerlərdə 194 ədəd küçə işıqları təmir edilərək yararlı vəziyyətə  gətirilmişdir.
    Şüvəlan qəsəbəsində abadlıq işləri ilə əlaqədar 395 p/m bardür düzülmüş, səkilərə 494 m2  dekorativ daş döşənmiş, 184 m2 hörgü işi  aparılmış və 510 m2 asfalt salınmışdır.
    Binə qəsəbəsi Əli İsazadə küçəsində mərkəzi yolun yenidən qurulması ilə əlaqədar  63 ədəd müxtəlif  təyinatlı tikinti obyekti  (2838 m2) sökülmüşdür. Həmin küçənin  genişləndirilməsi  ilə əlaqədar  1200 metr uzunluğunda vətəndaşlara məxsus  hasar sökülərək  geri çəkilmiş və bir hektar  ərazidə vətəndaşlar tərəfindən zəbt edilərək  primitiv formada tikilmiş obyektlər sökülərək ərazi tikinti materiallarından təmizlənilmişdir. Qəsəbənin ümumi memarlıq görkəminə  xələl gətirən 2300 m2 ölçüdə müxtəlif təyinatlı tikinti obyekləri aqlay daşları ilə üzlənmişdir.
Əli İsazadə  küçəsi 3 saylı ünvandakı 5 mərtəbəli, 4 girişli yaşayış binasının fasad hissəsi 1900 m2 ölçüdə yenidən təmir olunmuşdur. Əlavə  olaraq orada 52 ədəd köhnə pəncərələr  dəyişdirilərək plastik profildən  hazırlanan  yeni pəncərələr  quraşdırılmışdır.
Həmin küçədə  DOS-1,  DOS –2 və DOS – 3 saylı binaların həyətlərindəki qeyri-qanuni tikililər sökülmuş, binaların fasad hissələri 2000 m2 ölçüdə  rənglənmişdir. Həmçinin vətəndaşlara məxsus 2640 m2 hasarlar suvaqlanaraq rənglənilmişdir.
Nəzərinizə çatdırım ki, bütün bu işlər Xəzər rayon İcra  Hakimiyyətinin daxili imkanları hesabına, heç bir dövlət vəsaiti  xərclənmədən həyata  keçirilmişdir.
    Bu günün prioritet məsələlərindən biri də  yaşıllıqların salınmasıdır. Bildiyiniz  kimi 2015-ci il ərzində rayon ərazisində  58520 ədəd müxtəlif  növ ağac əkilmişdir. 2016-cı ildə isə  İcra Hakimiyyəti tərəfindən 72000 ağac əkilməsi proqnozlaşdırılmışdır və bu  kompaniya uğurla başa çatdırılmışdır. Belə ki, 2016-cı il ərzində rayonun Mərdəkan qəsəbəsində  5800, Şüvəlan qəsəbəsində 27170, Binə qəsəbəsində 820,    Türkan qəsəbəsində 23000, Buzovna qəsəbəsində 2170, Qala  qəsəbəsində 2380, Şağan qəsəbəsində 2990,  Zirə qəsəbəsində isə 35000 ədəd müxtəlif  növ ağac əkilmişdir. Ümumilikdə İcra  Hakimiyyəti, qəsəbələr və bələdiyyələr tərəfindən  rayon ərazisində 99330 ədəd ağac əkilmiş və suvarılması təmin edilmişdir. Əkilən ağacların 43000 ədədi 85 hektar ərazini əhatə edən zeytun ağacıdır ki, bu da gələcəkdə zeytunçuluğun inkişafına  böyük töhfə verəcəkdir.
     Hesabat dövründə rayon ərazisində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində Dövlət Proqramı çərçivəsində Binə qəsəbəsinin Əli İsazadə küçəsinin  yenidənqurulması işləri ilə əlaqədar 54700 m2,    Qala-Pirallahı avtomobil yolunda 65000 m2, Mərdəkan qəsəbəsi, Yesenin, Baba Əliyev, Qurban İsmayılov və Sülhəddin Dadaşov  küçələrində  22112 m2 , 28 may küçəsində 15000 m2 Şüvəlan qəsəbəsinin Nizami və İlqar Muradov küçələrində 2445 m2, Qala  qəsəbəsinin Qılman İlkin küçəsində 500 m2 asfalt örtüyü salınmışdır. Bununla yanaşı Xəzər  Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına     Mərdəkan qəsəbəsində 37772 m2, Şağan  qəsəbəsində 14800 m2, Buzovna qəsəbəsində 18000 m2,     Şüvəlan qəsəbəsində 5310 m2, Zirə  qəsəbəsində 17960 m2, Binə qəsəbəsində  3700 m2 olmaqla, cəmi 81378 m2 asfalt örtüyü salınmışdır.
    2016-cı ildə qəsəbələrdə görülən  işlərin təhlili nəticəsində  Türkan qəsəbəsində daha çox fəallıq olduğu müəyyən edilmiş və qəsəbə nümayəndəliyi  İcra Hakimiyyətinin mükafatına layiq görülmüşdür.
2016-cı ildə Heydər Əliyev Fondu, Dövlət Proqramı və digər investisiya layihələri çərçivəsində qəsəbələrdə bir çox obyektlərin təmiri, tikintisi və yenidənqurulması işləri həyata  keçirilmiş və bu  işlər bu gün də davam etdirilməkdədir.
   Belə ki, Mərdəkan qəsəbəsində 2 saylı internat  məktəbinin açılışı  olmuş, «İnci» körpələr evi-uşaq bağçasının, Müalicə Pansionatının, Dövlət Sərhəd  Xidmətinin Xüsusi Məktəbinin yeni kopusunun tikintisi və təmiri işləri aparılmaqdadır.
   Şüvəlan qəsəbəsində Şimal DRES-in ikinci blokunda tikinti işləri tamamlanmaq üzrədir.
  Binə qəsəbəsində 343 saylı uşaq bağçasının və  Əli İsazadə küçəsinin yenidən qurulmasından  sonra açılışı olmuş, Abşeron Peşə Litseyinin təmiri  işləri davam etdirilir.
  Buzovna qəsəbəsində 144 saylı uşaq bağçasının açılışı olmuş, Təhsil Nazirliyinin İdman Tədris Bazasının,   Buzovna İdman Mərkəzinin, 7 saylı Vərəm  Əleyhinə Dispanserin, Tibbi Reabilitasiya  Mərkəzinin, Gindes adına Uşaq Sümük-Vərəm sanatoriyasının isə təmiri və tikintisi davam  etdirilir.
    Şağan qəsəbəsində  Mədəniyyət Mərkəzi və Şahmat Məktəbinin tikintisi tamamlanmaq üzrədir. Müharibə Əlilləri üçün Müalicə Pansionatında isə təmir işləri aparılmaqdadır.
Zirə qsəbəsində 2 saylı uşaq evinin «Dalğa» yay düşərgəsinin və Cümə məscidinin açılışı olmuş, su anbarının tikintisi  yekunlaşmış, qədim tarixə malik kənd hamamının  bərpası işlərinə başlanılmış, Bünyad Sərdarov adına zavodun  filialının  tikintisi isə davam etdirilməkdədir.
Türkan qəsəbəsində İdman Mərkəzinin tikintisi davam etdirilir.
Qala qəsəbəsində Qala-Pirallahı  magistral yolunun tikintisi başa çatdırılılaraq, açılışı olmuş, GEMS Dünya Akademiyasının   tikintisi isə davam etdirilir.
Göründüyü kimi sosial və digər obyektlərin təmiri və tikintisi rayonumuzun bütün  qəsəbələrini əhatə edir və bu işlər gələcəkdə də davam etdiriləcəkdir.
     Ötən dövrdə rəsmi  dövlət bayramları və ictimai-siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş  ictimaiyyətin iştirakı ilə bir sıra kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 yanvar, Xocalı faciəsi və 31 mart  Azərbaycanlılarının soyqırımı  kimi anım günləri qeyd edilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xatirəsi yad edilmişdir.
«Novruz  bayramı»  münasibətilə Buzovna qəsəbəsində bayram şənliyi təşkil edilmiş, 1200 nəfər iştirakçı  üçün bayram konserti  və tonqal ətrafında şənlik təşkil olunmuş, xalqın qədim və zəngin adət-ənənələrini özündə əks etdirən tamaşalar göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən sosial yardıma ehtiyacı olan  ailələrə ərzaq yardımı paylanılmışdır.
    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü  ildönümü münasibətilə YAP rayon təşkilatı ilə  birlikdə silsilə təbirlər keçirilmiş, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı  ilə Ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilmiş və H.Əliyev Mərkəzinə səfər təşkil olunmuşdur.
15 iyun – Milli Qurtuluş günü,  9 may Qələbə günü, 28 May- Respublika günü, 18 oktyabr – Dövlət Müstəqilliyi günü, 9 noyabr – Dövlət Bayrağı günü,  17 noyabr – Milli Dirçəliş günü, 31 dekabr – Dünya     Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə  də bir çox tədbirlər  həyata keçirilmişdir.
    2016-cı ilin «Multikulturalizm ili» olduğundan bu məqsədlə rayonumuzda geniş tədbirlər planı  tərtib edilmiş və uğurla həyata keçirilmişdir.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən 01 mart- 15 may   tarixinə kimi  sakinlər tibbi müayinədən keçmişdir.
     Asan Xidmət  səyyar briqadası aprel - iyun  aylarında rayonumuzun  qəsəbələrində olmuş və 8000-ə yaxın sakin bu xidmətdən faydalanmışdır.
Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Millət Vəkili, Respublikanın birinci xanımı Mehriban Əliyeva 2016-cı il ərzində rayonumuzun qəsəbələrində bir neçə obyektin açılış mərasimində iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə çox səmimi görüş keçirmiş, onları dinləmiş və öz qiymətli tövsiyyələrini vermişlər. Qeyd etmək lazımdır ki, son 10 ildə cənab İlham Əliyev rayonumuza 58 səfər, Millət Vəkili Mehriban Əliyeva isə 76  səfər etmişlər. Rayonumuza olan hər bir səfər yeni obyektin açılışı, növbəti bir obyektin isə təməlinin qoyulması deməkdir ki, bu da sakinlərin rifah halının daha da yaxşılaşmasının bariz nümunəsidir.
Eyni zamanda rayonumuzdan olan digər Millət vəkili Rauf Əliyev də bütün tədbirlərdə yaxından iştirak etmiş, sakinlərlə görüşmüş, onları narahat edən problemlərin həll olunması üçün əlindən gələni əsirgəməmişdir.
    2016-cı ilin ən çox yadda qalan hadisələrindən bir də 26 sentyabr tarixində keçirilən Referendum olmuşdur. Referendum ilə əlaqədar olaraq Xəzər rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid  bütün məsələlər yüksək səviyyədə təşkil edilmiş, məntəqələrdə normal iş şəraiti yaradılmış, nəticədə rayonumuz Referendumu ən yüksək göstəricilərlə başa vurmuşdur.
     2016-cı ildə qarşıda duran ən vacib məsələlərdən biri də vətəndaşların müraciətlərinə diqqətlə baxılması, onların həll olunması üçün maksimum tədbirlərin görülməsindən ibarət olmuş və bu məqsədlə RİH-də idarə, müəssisə, təşkilat rəhbərlərinin, qəsəbə nümayəndələri  və bələdiyyə sədrlərinin iştirakı ilə 2 Şura iclası, 10 müşavirə keçirilmiş, müraciətlərə baxılmasında  diqqətli , həssas olmaq tapşırılmışdır. Eyni zamanda qəsəbə nümayəndəliklərində İH-nin məsul əməkdaşlarının iştirakı ilə hər qəsəbədə 1 dəfə olmaqla bu məqsədlə 8 iclas keçirilmişdir. Ümumiyyətlə vətəndaşların müraciətlərinə baxılması ciddi nəzarətdə saxlanılır.
    Ötən dövr ərzində Xəzər RİH-i Aparatına 3338 ərizə, şikayət və müraciət, 2188 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş  3338 ərizə və müraciətdən 1498-i müsbət həll edilmiş, 1774 ərizəyə  lazımi izahat və təkliflər verilmiş, 10 ərizə  aidiyyatı  üzrə göndərilmişdir. Müqayisə üçün qeyd olunmalıdır ki, müsbət həll olunan  müraciətlərin sayı ötən ilə nisbətən 4 % çox təşkil etmişdir.
    Hesabat dövründə Xəzər RİH-i Başçısının qəbulunda 107 nəfər vətəndaş olmuş, onlardan 47-in müraciətləri  müsbət həll olunmuş, 53-ə izahat verilmiş, 7 müraciət əsasında müvafiq təşkilatlara məktub  göndərilmişdir.
    Ötən dövrdə  vətəndaşların İcra Hakimiyyətində qəbul edilməsinin və müraciətlərinə baxılmasının  bir qismi elektron formada həyata keçirilmişdir. 2016-cı il ərzində RİH-i Başçısı  tərəfindən qəsəbələrdə 25 səyyar qəbul keçirilmiş, həmin qəbullarda 2880 sakin iştirak etmiş və 93 müraciət səsləndirilmişdir.
Səyyar görüşlərdə bir qayda olaraq Millət Vəkili Rauf Əliyev də iştirak etmiş,   sakinləri  narahat edən  problemlərlə bağlı  öz izahatlarını vermişdir.
Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su, kanalizasiya, nəqliyyat  problemləri üsütünlük  təşkil etmişdir. Bu görüşlərdə səslənmiş müracətlərin əksəriyyəti müsbət həll edilmiş, digər  məsələlərlə bağlı isə aidiyyatı qurumlara məktublar göndərilmişdir.
     2016-cı ilin yekunlarına dair qəsəbə nümayəndəliklərinin hesabat yığıncaqlarında  səslənən təklif və müraciətlərdən bir daha  məlum olur ki, görülən işlərlə yanaşı yerlərdə  hələ də həllini tapmamış bəzi problemlər qalmaqdadır.
Sakinləri ən çox narahat edən bir sıra problemlərin həllinə artıq nail olunmuşdur. Belə ki, Xəzər RİH-i tərəfindən görülən tədbirlər  nəticəsində Şüvəlan qəsəbəsinin  Mayak  ərazisində bir neçə il öncə çəkilmiş qaz xətti şəbəkəsinə təbii qazın verilməsi tam təmin edilmiş, Binə qəsəbəsinin Xəqani, Məmmədyarov, Rəhmanov, Abbasov küçələrində illərlə dayandırılmış təbii qaz təchizatı tam bərpa olunmuş, Binə  qəsəbəsinin mərkəzi Əli İsazadə küçəsi yenidən qurularaq  istifadəyə verilmiş, Mərdəkan qəsəbəsinin girəcəyində yeni istirahət parkı salınmış, Buzovna yolunda piyada keçidinin tikintisinə başlanılmışdır. Nəqliyyat problemi ilə bağlı isə nəzərinizə çatdırım ki, Heydər Әliyev Fondu tәrәfindәn rayonumuza 4 ədəd yeni avtobus ayrılmışdır.
    Digər  problemlərin həlli istiqamətində isə xüsusilə Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivinin qazlaşdırılması, hündürmərtəbəli binaların istilik təchizatının bərpası, qəsəbədaxili küçələrin asfaltlaşdırılması, magistral yollarda piyada keçidlərinin qurulması, qəsəbələrdə içməli su xəttlərinin çəkilməsi məsələləri ilə bağlı aidiyyatı qurumlara yenidən müraciətlər  ediləcəkdir və həmin problemlərin həll olunması üçün  təxirəsalınmaz tədbirlər görüləcəkdir.
Xəzər RİH-i mütəmadi olaraq rayon sakinlərini, eləcə də rayon ərazisində müvəqqəti  məskunlaşmış məcburi köçkün ailələrini  narahat edən problemləri öyrənir, onların həlli istiqamətində qabaqlayıcı tədbirlər görür, ölkə Prezidentinin qarşımıza  qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə ciddi əməl edir və edəcəkdir.
    Perspektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri çərçivəsində Binə qəsəbəsində yeni istirahət parkının tikintisinə başlanılması, Binə, Mərdəkan və Şüvəlan qəsəbələrində yerləşən bəzi hündürmərtəbəli binaların təmir olunması, yaşıllıqların  salınması və sair bu kimi işlər durur.

Keçidlər