Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən müharibəsi şəhidi Yusifov Ağaəli Vaqif oğlunun doğum günü qeyd edildi

08 sentyabr 2021 | 16:00

   Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xəzər rayonunun Mərdəkan qəsəbəsindən olan şəhid Yusifov Ağaəli Vaqif oğlunun doğum günü uyuduğu qəbiristanlıqda məzarı önündə qeyd olundu.
8 sentyabr 2021-ci il tarixində  keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Mərdəkan bələdiyyəsinin sədri, İctimai Birliklərin rəhbərləri, qəsəbə sakinləri, şəhidin ailə üzvləri, ağsaqqallar və din xadimləri iştirak ediblər.
  Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə başsağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmışdır. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasını qeyd etmişdir.
  Mərasimdə Millət vəkili Rauf Əliyev və digər qonaqlar çıxış edərək şəhid Ağaəli Yusifovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.
  Şəhidin ailə üzvləri çıxış edərək ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.
Ağaəli Vaqif oğlu Yusifov 8 sentyabr 1997-ci ildə Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ağaəli Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaəli Yusifov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
  Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər