Xəzər rayonunda Vətən müharibəsi Şəhidi Əliməmmədov Elçin Mehman oğlunun ad günü qeyd edildi
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xəzər rayonunun Zirə qəsəbəsindən olan Əliməmmədov Elçin Mehman oğlunun ad günü uyuduğu qəbiristanlıqda məzarı önündə qeyd olundu.
18 avqust 2021-ci il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Soltan Məmmədov, RİH başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zirə bələdiyyəsinin sədri, qəsəbə sakinləri, şəhidin ailə üzvləri, ağsaqqallar və din adamları iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmışdır. Həmçinin, bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır
Mərasimdə çıxış edən Millət Vəkili Soltan Məmmədov və digər natiqlər vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Əliməmmədov Elçin Mehman oğlu 18.08.1997-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun baş çavuşu olan Elçin Əliməmmədov Vətən müharibəsi zamanı Füzuli rayonu azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Elçin Əliməmmədov 06.10.2020-ci ildə Füzuli rayonu Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əliməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.