Şriftin ölçüsü :

Saytın rəngi :

`

Xəzər Rayon İcra Hakimiyyətinin 2018-ci ildəki fəaliyyətinə dair
HESABATI

11 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında  ölkə başçısı ötən il ərzində iqtisadi islahatların daha da sürətlə aparılmasını, bu sahədə  bir çox sərəncam və qanunların imzalanaraq  qəbul edilməsini qeyd etmiş, biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, xarici sərmayənin Respublikamıza cəlb edilməsi, yerli istehsalın artırılaraq idxaldan asılılığın azaldılması və digər  istiqamətlər üzrə çox ciddi qərarların qəbul  edildiyini vurğulamışdır. Cənab Prezident  il ərzində qeyri-neft sektorunun 1,8 %, kənd təsərrüfatının 4,6 %, sənaye istehsalının 1,5 %, ümumi daxili məhsulun 1,4 %, ixracın  36 % artmasını xüsusi qeyd etmişdir. Bununla yanaşı infilyasiyanın 2,3 %  səviyyəsində olmasını, əhalinin pul gəlirlərinin isə 9,2 % artması qeyd  edilmiş, gəlirlərin infilyasiyanı üstələməsi  nəzərə çatdırılmışdır.
  Cənab Prezident il ərzində ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulduğunu, valyuta ehtiyatlarının 3 milyard dollar artaraq 45 milyard dollara çatmasını və görülən tədbirlər nəticəsində 2018-ci il ərzində 118 min daimi iş yerinin açılmasını xüsusi vurğulamışdır.
  Ötən il ərzində Xəzər  rayonunun da iqtisadi və sosial həyatında baş verən pozitiv  dəyişikliklər bütün sahələrdə yüksəlişlə  müşayət olunmuşdur.
  Belə ki, rayon üzrə sənaye məhsulu istehsalı 251 milyon 297 min manat təşkil  etmiş, Nəqliyyat sektorunda 1 milyard 698 min 400 manat, Rabitə müəssisələri tərəfindən  isə  26 milyon 400 min manat həcmində xidmət  göstərilmişdir.
  Hesabat dövründə rayonun tikinti kompleksinə 234 milyon 759 min manatlıq vəsait yönəldilmişdir. İl ərzində pərakəndə ticarət  şəbəkələrindən əhaliyə 602 milyon 10 min manatlıq əmtəə satılmış, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 636 milyon 597 min manat təşkil etmiş, İaşə müəssisələrinin ümumi dövriyyəsi 45 milyon 984 min manat  olmuşdur. 
  Rayonun iqtisadi və sosial sahələrində  çalışanların orta aylıq əmək haqqı 732 manat təşkil etmiş, il ərzində  2176 yeni iş yeri açılmışdır.
Azərbaycan Respublikasının  Sahibkarlığa Kömək Milli  Fondu tərəfindən 2018-ci il ərzində RİH-nin köməkliyi ilə 07.03.2018-ci il tarixdə  rayonun Şüvəlan qəsəbəsində işgüzar tədbir keçirilmişdir. 2018-ci il ərzində 9 sahibkarlıq subyektinə 12 milyon 372 min manat məbləğində güzəştli kredit verilmiş, nəticədə 318 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
  Əhalinin məşğulluğunu təmin etmək məqsədilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Xəzər rayonuna 500 ştat vahidi işçi yeri ayrılmış və rayon  ərazisində yaşayan, işsiz, aztəminatlı ailələlərin  üzvlərindən ibarət 500 nəfər işə qəbul edilmişdir. Bütün qəsəbələri əhatə edən həmin işçi qrupları ərazidə, park və meydanlarda, yolların  kənarlarında, məhəllədaxili küçələrdə  təmizlik işləri  görür və vaxtı-vaxtında əmək haqlarını alırlar. 
2018-ci il ərzində Məşğulluq Mərkəzində 1684 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmışdır. Onlardan 681 nəfəri münasib işlə  təmin edilmişdir.
  Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2018-ci il ərzində məişət tullantıları meydançalarından 101513 m3 məişət və digər bərk tullantılar yığılaraq daşınmışdır. İl ərzində Birliyin balansında olan çoxmərtəbəli 7 yaşayış binasının ümumilikdə  23 girişində əsaslı təmir işləri aparılmışdır.
  Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 58, 60 və 62 saylı  binaların həyətində abadlıq və yenidənqurma işləri həyata  keçirilərək, sakinlərin istirahəti üçün yeni «Abad məhəllə»  yaradılmışdır.
  Mənzil fondu üzrə binaların dam örtükləri 6840 m2 qarışıq ruberoidlə tam təmir olunmuş, 100 p/metr su navalçası, 200  p/metr çirkab su borusu dəyişdirilmişdir.
  MKTB tərəfindən 2018-ci ildə Şüvəlan qəsəbəsinin yeni yaşayış sahələrinə 4590 m2 asfalt örtüyü salınmışdır. Buzovna qəsəbəsində, 136 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidməti ərazisində 9 mərtəbəli, 1 girişli yaşayış binasının  lift təsərrüfatında, eləcə də  R.İmanov küçəsində yerləşən 36 saylı yaşayış binasının dam örtüyündə təmir işləri aparılmış, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində yerləşən 71 saylı yaşayış binasının fasadında suvaq işləri görülmüş, üzlük daşları bərpa edilmiş,  binanın qarşısına yeni asfalt örtüyü salınmışdır.
  111 saylı  MKİS-nin balansında olan  Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi 10 və 10 A, R.İmanov  küçəsi 26, Albalılıq  dayanacağı 2 və 11 saylı binaların dam örtükləri təmir olunmuşdur.
  112 saylı MKİS-nin balansında olan Binə qəsəbəsi, Xəqani küçəsi 14, 18, 20 saylı binaların  fasad hissəsi emulsiya ilə rənglənilmişdir.
  Buzovna qəsəbəsi, R.İmanov küçəsi 4, 6, 8, 10, 12, 20, 22 saylı və G.Məmmədov küçəsi 3, 5, 11 saylı binaların qarşısına asfalt örtüyü  salınmışdır.
  155 saylı MKİS-nin xidməti ərazisində olan Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi 1, 2, 70 saylı, S.Yesenin küçəsi 92/2, 8 və 9 saylı binaların  1000 m2 fasad hissəsi  emulsiya  ilə rənglənilmişdir. Q.İsmayılov küçəsi 3 saylı bina  əsaslı təmir olunmuş dam örtüyü 800 m2 şüşəli ruberoid ilə örtülmüş, giriş qapıları  dəyişdirilərək  kod sistemli qapılarla əvəz olunmuş, pilləkən qəfəsləri aqlay daşı ilə döşənmişdir.
  Xəzər rayon Su-Kanal İdarəsi də qarşıya qoyulan vəzifələrin  yerinə yetirilməsi  istiqamətində bir çox tədbirlər həyata keçirmişdir. Görülən işlərin nəticəsində bu gün su  istifadəçisi olan abonentlərin  sayı  33934-ə çatdırılmışdır.
İdarə tərəfindən 2018-ci il ərzində 4329 p/m müxtəlif diametrli  yeni su xətti çəkilmiş, 125 p/m köhnəlmiş su boruları dəyişdirilmiş, 2228 ədəd su qəzası aradan qaldırılmışdır. Rayon ərazisində 94 ədədi smart tipli, 8414 ədədi isə mexaniki sayğac olmaqla cəmi 8508 ədəd sayğac quraşdırılmış, 101 ədədi smart tipli, 317 ədədi isə  mexaniki sayğac olmaqla 418 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur.
  Rayon  ərazisində kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər  görülmüşdür. Kanalizasiya sahəsi üzrə 2113 ədəd qəza və tutulma halları  aradan qaldırılmış, 64 metr kanalizasiya borusu çəkilmişdir. 8820 p/m-i mexaniki üsulla, 1505 p/m-i isə maşınla olmaqla 10325 p/m kanalizasiya borusu yuyulmuşdur. 37 ədəd yağış barmaqlıqları mütəmadi olaraq təmizlənərək istismara yararlı hala gətirilmişdir.
  Rayon ərazisində mövcud olan 80 ədəd içməli su bulağı daimi su ilə təmin edilməklə  nəzarətdə saxlanılır və  mütəmadi təmir işləri aparılır.
  2018-ci il ərzində Xəzər rayon Su-Kanal İdarəsi 5 milyon 795 min 692 manat müqabilində su və kanalizasiya xidməti göstərmiş, 5 milyon 704 min 238 manat müqabilində ödəniş qəbul edilmişdir. 
  Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki  İstismar Xidməti tərəfindən 2018-ci il ərzində itkilərin azaldılması və qaz təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlər planına əsasən aşağıdakı işlər görülmüşdür:
  Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində D 273 mm-lik istismara yararsız və həyətlərdən keçən orta təzyiqli 2310 p/m qaz kəməri D250 mm-lik  polietilen boru ilə,  «Yeni sahə» adlanan  ərazidə isə yeraltı D 219 mm-lik 1300 p/m qaz xətti 159 mm-lik qaz xətti ilə əvəz olunmuş, 28 may küçəsində D 57 mm-lik  280 p/m, D 76 mm-lik 65 p/m qaz xətti çəkilərək,  2 ədəd  şkaf quraşdırılmışdır.
  Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində D 108 mm-lik 360 p/m,   L.Bədəlbəyli,  Ə.Ağayev  küçələrində  D 159 mm-lik 508 p/m qaz  xətti çəkilmişdir.
  Binə qəsəbəsinin kanal üstü ərazisində D  108 mm-lik 426 p/m,  D 57 mm-lik 178 p/m, N.Abbasov və Ü.Hacıbəyov küçələrində  D 76 mm-lik 65 p/m qaz xətti çəkilmişdir.
  Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində D89 mm-lik 459 p/m qaz xətti çəkilmiş, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlarında yeraltı D 219 mm-lik qaz xəttinin 740 p/m hissəsi, H.Məmmədov küçəsində isə D108 mm-lik qaz xəttinin 40 p/m hissəsi yerüstü xətlə əvəz olunmuş, 1 ədəd şkaf quraşdırılmışdır.
  Şağan qəsəbəsi yeni yaşayış massivində D 57 mm-lik 300 p/m, Qala qəsəbəsinin yeni yaşayış massivi ərazisində D 159 mm-lik 328  p/m qaz xətti dayaqlar üzərində quraşdırılmış, Kənd Qala ərazisində D 76 mm-lik  711 p/m,  Xaşa-Xuna bağlarında D 108 mm-lik  415 p/m qaz xətti çəkilmiş və 1 ədəd şkaf quraşdırılmışdır. 
  Hazırki dövrdə əhalinin rabitə və informasiya texnologiyalarına çıxış imkanlarının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xəzər  Telefon Qovşağının 01.01.2019-cu il tarixinə montaj tutumu 71 мин 633 nömrə, abunə tutumu isə 58 min 938  nömrə təşkil etmişdir. Əhalinin yüksək sürətli internetlə təmin olunması məqsədilə Xəzər Telefon Qovşağının Elektron Avtomat Telefon Stansiyalarında geniş zolaqlı yüksəksürətli internet avadanlıqları quraşdırılaraq, abunəçilərin istifadəsinə verilmiş, il ərzində qovşağın  tutumu 2712 ədəd ADSL  artırılaraq ümumi istifadəçilərin sayı 35 min 164 nömrəyə çatdırılmışdır.
  «Azərpoçt» MMC-nin 4 saylı Poçt filialı tərəfindən 2018-ci il ərzində verilmiş 1  milyon 191 min 340 manat  tarif gəliri proqnozu faktiki olaraq 1  milyon 218 min 853 manat icra edilmişdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin  nəticəsidir ki, bu gün bölgələrlə bərabər Bakıətrafı  qəsəbələrin də sosial-iqtisadi inkişafı  sürətlə davam etdirilir. Həmişə olduğu kimi  ötən dövrdə də abadlıq və yenidənqurma  işləri Xəzər rayonunda  uğurla davam  etdirilmişdir.
  Hesabat dövründə Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına görülən tikinti və quruculuq işləri səngiməmiş, daha da geniş vüsət almış, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda,  əsas yollarda, daxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri, elektrik xətləri yeniləşdirilmiş, yeni xidmət və  istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
  Bakı-Mərdəkan magistral yolunun sol tərəfində, Şağan qəsəbəsinin girişində, qəsəbənin adını əks etdirən, hündürlüyü 8 metrə qədər olan dəmir-beton konstruksiyadan ibarət stelanın tikintisi başa çatmışdır.
  Mərdəkan qəsəbəsinin S.Yesenin küçəsində yerləşən ümumi sahəsi 3550 m2 olan parkda yenidənqurma işləri başa çatdırılmışdır. Parkın ərazisindəki içməli su bulağı yenidən təmir edilmiş və su axarı mərkəzi kanalizasiya sisteminə qoşulmuşdur. Əraziyə əlavə olaraq 32 ədəd dekorativ ağac əkilmiş, yeni qazon örtüyü salınmış, suvarılma üçün 348 metr su xətti çəkilmiş və yeni istirahət parkı istifadəyə verilmişdir. Qəsəbənin S.Yesenin küçəsində mövcud piyada səkiləri sökülərək yenidən qurulmuş,  uzunluğu 450 metrə qədər olan yol kənarı hasarlarda bərkitmə işləri aparılmış, divarların səthinə üzlük daşları vurulmuşdur.  Magistral  yolun ətrafında yeni yaşıllıqlar salınaraq,  mövcud yaşıllıq sahələrində mövsümi budama işləri aparılmışdır. Qəsəbədə yerləşən H.Əliyev parkındakı futbol meydançası yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir.
  Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində (Polis Akademiyasının qarşısında)  yerləşən ümumi sahəsi 460 m2 olan alleyada abadlıq və yaşıllaşdırma işləri aparılmış, həmin ərazidə fəaliyyət göstərən mövcud bulaq yenidən təmir edilərək suyun axarına drenaj verilmişdir. A.İldırım küçəsi boyu yol kənarındakı mövcud piyada səkilərinin qarşısındakı skverlərin ətrafında dekorativ kompozit tərkibli materialdan hazırlanmış çəpərlər vurulmuş, 800 m2 sahəyə qazon və 700 ədəd çoxillik gül kolları əkilmiş, hasarların üzərindəki işıqlandırma avadanlıqları təmir edilərək istismara verilmişdir. «Çırtdan» uşaq istirahət Mərkəzinin açılışı ilə əlaqədar həmin ərazidə abadlıq işləri görülərək,  680 m2 hasar bərpa olunmuş, emulsiya ilə ağardılmış, 450 m2 asfalt örtüyü salınmışdır. Qəsəbənin  H.Əliyev küçəsində 400 п/m bardür təmir olunmuş, uzunluğu 430 m hasarda mala işləri görülərək emulsiya ilə rənglənilmişdir. Küçə boyu ümumi görünüşə xələl gətirən 9 ədəd fərdi yaşayış evinin giriş qapıları yenidən qurularaq rənglənilmişdir. A.İldırım küçəsi 58, 60, 62 ünvanlarındakı evlərin girişləri  təmir olunmuş, 530 m2 fasad divarı qaşınaraq suvaq çəkilmiş, emulsiya ilə rənglənilmiş, pilləkən hissəsində bərpa işləri aparılmışdır. Binaların həyətində 3 ədəd yeni oturacaq, 7 ədəd led elektrik lampa quraşdırılmış,  tamet örtüyünün bir hissəsi yenilənmişdir.
  Binə qəsəbəsi, F.Aynulov küçəsində aparılan abadlıq işləri nəticəsində 600 m2 əraziyə yeni asfalt örtüyü salınmış, uzunluğu 100 metrə qədər olan küçə boyu hasarlar boyadılmış, kommunikasiya xətlərinin yerləri dəyişdirilmişdir. 
Buzovna qəsəbəsinin R.Axundov və Lermontov küçələrindən keçərək "Zağulba" Tədris İdman bazasına gedən yolun uzunluğu 900 metr eni 6 metr olan hissəsində asfalt örtüyü yenilənmiş, mühəndis-kommunikasiya xətlərinin yeri dəyişdirilmişdir.
İcra Hakimiyyəti tərəfindən Qala qəsəbəsində 323 saylı, Zirə qəsəbəsində isə 324 saylı orta məktəblər əsaslı təmir olunmuşdur.
  Hal-hazırda Xəzər rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Binə qəsəbəsinin Ə.İsazadə küçəsində yeni parkın,  Şüvəlan qəsəbəsinin Şimal Dres yaşayış massivində «Abad məhəllənin» tikintisinə başlanılmışdır. 
Bu günün ən vacib məsələlərindən biri də yaşıllıqların salınması və onlara qulluq edilməsinin təşkilidir. 
  2018-ci il ərzində Mərdəkan qəsəbəsində 462,  Şüvəlan qəsəbəsində 15 min 200, Binə qəsəbəsində 545, Şağan qəsəbəsində 327, Türkan qəsəbəsində 3 min 50, Buzovna qəsəbəsində 1176, Qala qəsəbəsində 500, Zirə qəsəbəsində  isə 1970 ədəd ağac əkilmişdir. İcra hakimiyyəti,  inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən 23 min 230 ədəd, digər idarə, müəssisə  və təşkilatlar tərəfindən, eləcə də keçirilmiş  ümumrayon iməcilikləri də nəzərə alınmaqla 36 min 600 ədəd olmaqla rayon ərazisində ümumilikdə 59 min 830 ədəd ağac əkilmişdir. Hazırda da ərazilərdə yaşıllıqların salınması, əkilmiş ağaclara aqrotexniki qulluq işləri davam etdirilir.
Hesabat dövründə rayon ərazisində asfalt yolların çəkilişi, əsaslı  və cari təmiri  istiqamətində bəzi işlər  görülmüşdür. Xəzər rayon  İcra Hakimiyyətinin öz daxili imkanları  hesabına  Mərdəkan qəsəbəsində  24 min 950 m2, Şağan qəsəbəsində 7 min 500 m2, Şüvəlan  qəsəbəsində 13 min 825 m2, Binə qəsəbəsində 6 min 850 m2, Türkan qəsəbəsində 7 min 500 m2,  asfalt örtüyü salınmış, Buzovna, Qala və Zirə qəsəbələrində isə 21,4 km yol cari təmir  edilmişdir.
Eyni zamanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şüvəlan-Mərdəkan-Qala magistral yoluna 31 min kvadrat metr  asfalt örtüyü salınmış,  узунлуьу  5,4 km yeni  yol istifadəyə verilmişdir.
Bildiyiniz kimi hazırda rayon ərazisində H.Əliyev Fondu və digər investisiya layihələri çərçivəsində təmir və tikintisi gedən 10 obyekt  mövcuddur ki, bunlardan da bəzilərində işlər müvəqqəti  dayandırılmışdır.
Mərdəkan qəsəbəsindəki Müalicə Pansionatı, Şüvəlan qəsəbəsindəki «Şimal Elektrik Stansiyasının 2-ci bloku»-nun tikintisi, Buzovna qəsəbəsində 7 saylı Vərəm Əleyhinə Dispanser, Tibbi Reabilitasiya Mərkəzi, Gindes adına Uşaq Sümük-Vərəm  Sanatoriyası, Zirə  qəsəbəsində Qədim tarixə malik kənd  hamamı, B.Sərdarov adına zavodun filialı, Türkan qəsəbəsində  İdman Mərkəzi, Qala qəsəbəsində GEMS-Dünya  Akademiyası, İdman Mərkəzi kimi obyektlərin bəzilərində  işlər gedir və ümid edirik ki, yaxın vaxtlarda  təmiri və tikintisi yarımçıq  qalan obyektlərdə də işlərə yenidən başlanılacaqdır.
  Hesabat dövründə  rəsmi dövlət  bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər  tarixi hadisələrlə bağlı  rayon  ərazisində  geniş ictimaiyyətin iştirakı  ilə bir çox kütləvi  tədbirlər keçirilmişdir.
Belə ki, 20 yanvar faciəsi, 26 fevral Xocalı faciəsi, 31 mart – Azərbaycanlıların  soyqırımı günü xüsusi qeyd edilmiş, Novruz bayramı, Ramazan və Qurban bayramları münasibətilə geniş tədbirlər həyata keçirilmiş, H.Əliyev Fondu tərəfindən şəhid ailələrinə, veteranlara, Çernobıl əlillərinə, aztəminatı ailələrə ümumilikdə 4000 nəfərə ərzaq yardımı paylanılmışdır. 
  Həmçinin Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon Yeni Azərbaycan Partiyası tərəfindən 15 iyun - Milli Qurtuluş günü, 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 9 noyabr-Dövlət Bayrağı günü, 12 noyabr - Konstitusiya günü, 17 noyabr - Milli  Dirçəliş günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə bir çox tədbirlər həyata keçirilmişdir.
  May ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayonumuzda silsilə tədbirlər həyata keçirilmişdir.
10 may tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Xəzər rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri,  YAP Xəzər rayon Təşkilatının İdarə Heyəti və gənclərin bir qrupu Fəxri Xiyabanı ziyarət etmiş,  sonra isə Heydər Əliyev Mərkəzində olmuşlar. 
  Həmin gün Qala-Türkan avtomobil yolunun ətrafında Ulu Öndərin 95 illik Yubileyi münasibətilə ağacəkmə kompaniyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Respublikanın I vitse-prezidenti Mehriban xanım Əliyeva və Prezidentin ailə üzvləri iştirak edərək, ümumilikdə ərazidə  6000 min ədəd ağac əkilmişdir.
  12 may tarixində Qala-Türkan yolunun kənarında YAP Mərkəzi Aparatının nümayəndələri, Siyasi Şura üzvləri, xarici ölkələrin səfirlik nümayəndələrinin iştirakı ilə geniş ağacəkmə kompaniyası keçirilmiş və  həmin ərazidə 6200 ədəd ağac əkilmişdir.
  12 dekabr tarixində Xəzər rayon İcra  Hakimiyyəti, ictimaiyyət nümayəndələri, YAP Xəzər rayon Təşkilatının İdarə Heyəti Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət etmiş, abidə önünə gül dəstələri qoyulmuş, eləcə də rayon ərazisində  bir çox tədbirlər həyata keçirilmişdir.
  Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham Əliyev 2018-ci il ərzində rayonumuza  bir neçə səfər edərək bəzi obyektlərin açılışını etmişdir. Belə ki, 15 may 2018-ci il tarixində cənab Prezident Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi inşaası və Təmiri  Mərkəzində olmuş, yeni inşa edilmiş «Tufan» tipli sərhəd gözətçi gəmisi ilə tanış olmuşdur. 25 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasına gələrək yeni tədris binasının açılışını etmişdir.
  Sevindirici haldır ki, 5 mart 2018-ci il tarixində  Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva rayonumuza səfər etmiş, Mərdəkan qəsəbəsindəki «İnci» uşaq bağçasının, Şağan qəsəbəsindəki Mədəniyyət evinin, Mərdəkan qəsəbəsidəki Dövlət Sərhəd Xidmətinin Gimnaziyasının yeni tədris  korpusunun açılış mərasimində iştirak  etmişdir.
  Bundan başqa Buzovna qəsəbəsində tikilmiş İdman Mərkəzinin də açılışı olmuş,  tədbirdə Millət vəkili Rauf Əliyev də iştirak etmişdir.
  Qeyd etmək lazımdır ki, cənab Prezident tərəfindən 5 fevral 2018-ci il tarixində Prezident seçkilərinin keçirilməsinə dair verilmiş Sərəncama əsasən Xəzər RİH Azərbaycan  Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq  öz səlahiyyətlərinə aid olan bütün təşkilati məsələləri yüksək səviyyədə həyata keçirmiş, seçkilərin şəffaf, demokratik  keçirilməsinə hər cür şərait yaradılmışdır.
  2018-ci il ərzində Xəzər rayon İcra Hakimiyyəti Aparatına 3216 ərizə, şikayət və müraciət, 2447 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş 3216 ərizə və müraciətdən 1155 ərizə müsbət həll edilmiş, 1864 ərizəyə lazımi  izahat və təkliflər verilmiş, 27 ərizə aidiyyatı üzrə  göndərilmişdir.
  Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti  Başçısının qəbulunda 80 nəfər vətəndaş olmuşdur. Ötən dövrdə  vətəndaşların İcra Hakimiyətində  qəbul edilməsinin və müraciətlərinə baxılmasının bir qismi elektron formada həyata keçirilmişdir.
Səyyar görüşlərdə  Millət vəkili Rauf Əliyev də iştirak edərək sakinləri narahat edən problemlərin həlli istiqamətində görülmüş və görüləcək işlər barədə ətraflı məlumat vermişdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar  2019-cu il tarixdə keçirdiyi müşavirədə yaşıllıqların salınması və qorunması, məişət tullantılarının vaxtında yığışdırılması, qanunsuz tikintilərin qarşısının alınması, abad məhəllələrin yaradılması, yerli və xarici investorların cəlb  edilməsi ilə yeni sahibkarlıq  subyektlərinin açılmasına köməklik edilməsi və s. barədə  ciddi tapşırıqlar verilmişdir.
  Cənab Prezidentin göstərişlərini rəhbər tutaraq Xəzər RİH-nin Başçısı tərəfindən aidiyyatı şöbələrə, qəsəbə inzibati ərazi dairəsi üzrə  nümayəndəliklərə, bələdiyyələrə və digər qurumlara bu tapşırıqların yerinə yetirilməsi istiqamətində müvafiq işlərin görülməsi, eləcə də nəzərətdə saxlanılması tapşırılmışdır.
  Perspektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işləri çərçivəsində Mərdəkan, Binə və  Buzovna qəsəbələrindəki bəzi hündürmərtəbəli binaların təmir edilməsi, qəsəbədaxili küçələrin asfaltlaşdırılması, su xətlərinin çəkilməsi, Binə qəsəbəsində yeni istirahət parkının tikintisi, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış massivində  abad məhəllənin yaradılması, qəsəbələrin ərazisində yaşıllıqların salınması və digər işlər  durur. Əmin ola bilərsiniz ki, bu işlərin öhdəsindən də layiqincə gələcəyik.
  Xəzər Rayon İcra Hakimiyyəti sakinlərin rahat, firavan yaşamasına yönələn bu kimi  layihələrin həyata keçirilməsi üçün  müvafiq işlər görəcək, qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin  fərman, sərəncam və tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası və vətəndaşlarımızın layiq olduqları rifahlı  yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən  layiqincə  gəlməyə  çalışacaqdır.

Keçidlər