"Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
"Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
1.1.Qüvvədə olan qanunvericilik aktlarının "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2010-cu il
-------------------------------------------------------------------------------------------------------------------------------------------
Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
1. Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 3200 ha təşkil edən torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Bakı şəhəri Xəzər rayonunun Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdirilsin.
2. Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsünə daxil olan Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilsin.
3. Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il.
------------------------------------------------------------------------------------------------------------------------------------------
“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhərinin Pirallahı və Xəzər rayon icra hakimiyyətləri ilə birlikdə “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yeni müəyyən edilmiş sərhədlərdə bir ay müddətində mərzçəkmə işlərinin yerinə yetirilməsini təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2014-cü il.