Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Kimya Sənaye Parkı–sənayeləşmə strategiyasının uğur nümunəsidir

17 sentyabr 2020 | 01:00
Sumqayıt Kimya Sənaye Parkı–sənayeləşmə strategiyasının uğur nümunəsi Bu gün Azərbaycan iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. Belə vəziyyət, demək olar ki, bütün neft-qaz ölkələrində müşahidə olunan bir mənzərədir.

Bu, heç də mənfi hal hesab olunmur. Çünki məhz neft-qaz sektorunun inkişafı hesabına son 17 il ərzində Azərbaycanda böyük infrastruktur layihələri reallaşdırılıb, məcburi köçkünlərin mənzil-məişət problemləri əsasən aradan qaldırılıb, Silahlı Qüvvələrimiz gücləndirilib, böyük sosial layihələr icra edilib. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında qeyd etdiyi kimi, təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükənəcək: "Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarında təbii tənəzzül də qaçılmazdır. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır...". Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafını qarşıdakı illərdə ölkənin əsas prioriteti elan edib, bunu ölkənin müvafiq iqtisadi qurumları qarşısında bir vəzifə olaraq qoyub. Eyni zamanda, iqtisadiyyatda dayanıqlı inkişafa nail olmaq üçün çox ciddi islahatlar aparılacağını, iqtisadi inkişafın bundan sonra da qeyri-neft sektoru hesabına davam etdiriləcəyini xüsusi vurğulayıb. Buna nail olmaq üçün son illər ərzində böyük işlər görülüb, sənaye parkları, məhəllələri yaradılıb. Həmin müəssisələrdə rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad edilirlər. Hazırda respublikada fəaliyyət göstərən sənaye parklarınının yüksək iqtisadi göstəriciləri məhz bu güzəştlərin məntiqi nəticəsidir. Bunu Sumqayıt Kimya Sənaye Parkının nümunəsində nəzərdən keçirək. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib. Xatırladaq ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə, 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı – təqribən 33 faizi ixrac olunub. Cari ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla isə ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Bütün bu müsbət göstəricilər ölkədə sənayeləşmə siyasətinin uğurlu nəticəsindən–tələbatın ödənilməsində yerli məhsulların payının artırılmasından, ixrac potensialının yüksəldilməsindən, ümumilikdə, neft-qaz amilindən asılılığın getdicə azaldılmasından xəbər verir. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yeni istehsal sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü istehsalın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, sənaye sahəsində məşğulluğun artırılması, daha çox investisiyanın cəlb olunması istiqamətində sistemli və ardıcıl işlər aparılır. Bütün bunlar müvafiq rəsmi göstəricidə də öz ifadəsini tapır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 13,6 faiz artıb. Bu, həm də onu göstərir ki, pandemiya ilə bağlı mübarizə dövründə belə şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verib. Amma daha yüksək artıma nail olmaq mümkündür. Bunun üçün də kifayət qədər imkanlar, potensial var və bütün bunlardan maksimum səmərə ilə istifadə etmək lazımdır. Burada bir məqamı da qeyd etmək istərdik. Son illərdə respublikada yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırıb. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirib. Bütün bunlara görə də xarici investorların respublikada fəaliyyət göstərən sənaye parklarına, eləcə də Sumqayıt Kimya Sənaye Parkına marağı artıb. Dövlətimizin başçısı bu meyli daha da gücləndirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Bunun üçün xaricdə yaşayan azərbaycanlı iş adamlarına da Azərbaycana gəlib iqtisadi sahələrə, o cümlədən sənaye parklarına vəsait qoymaları ilə bağlı müraciət edib: "Azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur". Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının hazırda 23 rezidenti var. Rezidentlər tərəfindən Sənaye Parkına indiyədək 2,9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon ABŞ dollarından çox investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, bir sıra ölkələrə də ixrac olunur. Ümumilikdə Sənaye Parkında istehsal olunmuş 1,9 milyard manatdan çox dəyərdə məhsulun satışı həyata keçirilib ki, bunun da təqribən 32 faizi ixrac edilib. Sonda bir məqamı da vurğulamaq istərdim. Bu da sözügedən Sənaye Parkının ümumi inkişaf tendensiyasının yeniliklərə münasibətilə diqqət çəkməsi ilə bağlıdır. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.

Həzərxan Əbilov

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin sədri

Keçidlər