Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda içməli su ilə bağlı infrastruktur layihələr həyata keçirilir

27 iyul 2020 | 16:00
Avropa və Asiya qitələri arasında yerləşən və buna görə də əhəmiyyətli strateji mövqeyi olan Azərbaycanın müstəqillik dönəmində sürətli inkişafı, xüsusən son on ildə ölkədə baş verən iqtisadi irəliləyiş diqqəti cəlb etməyə bilməz. Möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Enerji, nəqliyyat, su və meliorasiya layihələri infrastruktur layihələri arasında xüsusi yeri tutur. Məhz bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edir. Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan yenidənqurma işləri nəticəsində hazırda 30-dan çox elektrik stansiyamız həm ölkəmizin enerji təhlükəsizliyini təmin edir, həm də əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranır. Ölkəmizdə qazlaşdırma dünya miqyasında ən yüksək göstəricilərdən birinə - 96 faizə çatmışdır. Nəqliyyat infrastrukturundakı müasirləşmə nəticəsində irəliləyiş göz qabağındadır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hava nəqliyyatının səmərəliliyinə görə dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.

  Azərbaycanda infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri davamlı və ardıcıl surətdə həyata keçirilir. Qədim əcdadlarımız kainatın əsasını 4 ünsürdə görürdülər: od, su, hava, torpaq. Doğrudan da, su yaşam qaynağıdır, su həyatdır. Məhz bu baxımdan su və meliorasiya sahəsində görülən işlər əhalinin sağlamlığının, eləcə də rifah halının yüksəlməsinə önəmli dərəcədə təsir göstərmişdir. Son illərdə Azərbaycanda nəhəng su layihələri arasında Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən sonuncu və ən iri layihə olan Oğuz-Qəbələ-Bakı su kəməri, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan Respublikasının    Şabran rayonu ərazisində inşa edilmiş Taxtakörpü su anbarının tikintisini xüsusilə qeyd etmək istəyirəm. 270 milyon kubmetr su tutumu olan bu anbardan təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsi, 165 milyon kubmetr su tutumu olan Şəmkirçay su anbarının, Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarlarının inşa edilməsi də bu sahədə atılan önəmli addımlardan sayılmalıdır.
     2004-cü ildə Azərbaycanda 40 faiz səviyyəsində olan içməli su ilə təminat bu gün 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faizdən 82 faizə yüksəlmişdir. Regionlarda isə əhalinin içməli su ilə təmin olunmasi cəmi 9 faiz idi. Hazırda bu göstərici 63 faizdir. Dövlət başçımız iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə çıxışında demişdir: “ Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”. Ölkə başçısının bu tələbi ümid etməyə əsas verir ki, bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənəcək, su təhlükəsizliyində olan problemlər yaxın gələcəkdə həll olunacaq, əhalinin su ilə təminatının göstəricisi daha da yüksələcəkdir.

 

Anar Hüseynli
Xəzər rayonu Zirə bələdiyyəsinin sədri

Keçidlər