Şriftin ölçüsü :

Saytın rəngi :

Su həyatdır həyatımız isə öz əlimizdədir

28 iyul 2020 | 01:00
    Müasir dövrdə dünya bir sıra yeni problemlər ilə üz-üzə dayanmışdır. Bu problemlərin içərisində özünün mövqeyinə, statusuna, yer kürəsinin 2/3 hissəsinin və bütün canlıların yaşaması üçün ən əhəmiyyətli qaynaqlardan hesab edilən su mənbələri mühüm yer tutur. Elm və texnika sürətlə inkişaf etdikcə su təsərrüfatının nəqli və istismarı sahəsində yeni, eləcə də müasir tələblərə cavab verən infrasturukturların yaradılması dövlətimizin rəhbəri, cənab İlham Əliyevin meliorasiya və su təsərrüfatının inkişafı ilə bağlı müxtəlif sərəncamlarında öz əksini tapmışdır. Su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən biri hesab olunur. Su təchizatı hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır.
Son illərdə ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infra-struktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsindən ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılması üçün vəsaitlər ayırıraraq suvarma və içməli su ilə bağlı problemlərin zamanında aradan qaldırılması, eləcə də infrastrukturun yenilənməsi tədbirlərinin həyata keçirilməsinə nail olur
.

   İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirəsi keçirilmişdir. O, öz çıxışında 2004-cü ildə Azərbaycanda içməli su ilə təminatın 40 faiz səviyyəsində olduğunu bildirmiş və bu problemin ötən 16 il ilə müqayisədə 30 faiz artaraq ölkə miqyasında 70 faizə çatmasını vurğulamışdır. Ölkəmizdə bu sahədə catışmazlıqların aradan qaldırılması istiqamətində mühüm tədbirlər planının tətbiqi nəticəsində nail olunduğu mümkün olmuşdur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının tətbiqi meliorasiya və su təsərrüfatının inkişafından da yan keçməmişdir. Bununla bağlı regionlarda əhalinin içməli suya olan tələbatı 9 faizdən 63 faizə, Bakı şəhərində isə içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faizdən 82 faizə çatdırılmışdır. Cənab prezident öz çıxışında suvarma suyu ilə bağlı görülmüş işlərin diqqətdə saxlanıldığını və ölkə üzrə su problemi ilə bağlı təminatın 100 faizə çatdırılmasını tapşırmışdır.
Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir. Bu da Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi, paytaxtımızın su təchizatında əhəmiyyətli dərəcədə dönüş yaratmışdır. Böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılmış və Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı istiqamətində həyata keçirilən ən iri layihə hesab olunur. Bu layihələrin realaşdırılması ilə müxtəlif su anbarlarının tikilməsi ilə su ehtiyatının təminatına da nail olunmuşdur.
  Bundan başqa Taxtakörpü su anbarının tikintisi də tarixi layihədir. Bu layihə regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan çox vacib layihələrdən biridir. Taxta körpü anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr həcmindədir. Buradan su təqribən 30 min hektar ərazinin su təminatının həyata keçirilməsinə imkan verir. Taxta körpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilmişdir. Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsi,    Bakı şəhərinə keyfiyyətli suyun verilməsi nəticələnmişdir.
Şəmkirçay su anbarı da öz növbəsində mühüm əhəmiyyətli qurğulardan olub, su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonunun suya olan tələbatlarını ödəməkdədir. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları bu qəbildən olan müasir qurğulardan hesab olunur. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetr təşkil edir.     Ölkə başçısı bir daha vurğulamışdır ki, suya qənaət olunmalı və yeni layihələrin həyata keçirilməsi üçün dünya praktikası öyrənilməli, eləcə də müasir tələblər əsasında yeni layihələrin həyata keçirilməsi üçün həm yerli, həmdə xarici mütəxəssislərin köməyindən istifadə edilməlidir.
  Cənab prezident su təminatının gələcək inkişafı ilə bağlı çıxışında nöqsanlara da yer ayırmışdır. Suyun çatışmazlığı iqtisadiyyatımızın, kənd təsərrüfatının inkişafının, fermerlərin gəlirlərinin azalmasına səbəb olduğunu vurğulanmış, itkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlərin görülməsini zəruri hesab etmişdir. İtkilərin əsas mənbəyi kimi torpaq kanallarından istifadə nəticəsində yaranması göstərilmişdir. Bu nöqsanların aradan qaldırılmasında yerli və mərkəzi icra orqanlarının, hüquq mühafizə orqanlarının birgə fəaliyyətini də zəruri hesab etmişdir.
   Gələcəkdə 22 kanalın yenidən qurulması planlaşdırılır. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatının tam həll ediləcəyi nəzərdə tutulur. Su ehtiyatlarımızın qiymətləndirilməsində və dəyərləndirilməsində alimlər mütləq iştirak etməli, bu işlərə ekologiya üzrə mütəxəssislər cəlb olunmalıdır. Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum vardır: “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun. Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir.
   Yer üzündə milyonlarla canlı su sayəsində həyatını davam etdirir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Susuz həyatın mövcud olması mümkün deyildir. Su həyat deməkdir. Bu həyatı qorumaq və gələcək nəsillərə ötürmək isə bizim əlimizdədir.Əliyeva Leyla Fikrət qızı

 

 

Əliyeva Leyla Fikrət qızı

İ.Tağıyev adına 26 n-li tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor muavini

Keçidlər