Şriftin ölçüsü :

Saytın rəngi :

BMT Baş Assambleyasının bu təklifi dəstəkləməsi ölkəmizə və ölkə başçımıza olan böyük hörmət və etimadın növbəti göstəricisidir

28 iyun 2020 | 16:00

   Bəşəriyyət yaranandan bəri bir çox təhlükələrlə qarşılaşmalı olmuşdur. Təbii fəlakətlər, regional və dünya müharibələri, yoluxucu epidemiyalar, pandemiyalar və.s. dünyamızı dəfələrlə ölüm, ya olum sualı qarşısında qoymuşdur. Lakin Yer üzünün əşrəfi olan insanlar özlərində güc taparaq, müəyyən itkilər hesabına olsa da, bu təhlükələrə sinə gərib dünyamızı xilas edə bilmişdilər.
Budur, artıq bir neçə aydır ki, Yer üzünün aydın səmasını qara buludlar bürümüşdür. Covid-19 pandemiyası dünyamızın nizamını pozaraq bəşəriyyəti təhlükəli bir sınağa çəkmişdir. İnsanlar gözəgörünməz bir düşmənlə ilə üz-üzə dayanmışdır. Bu düşmən təkcə insanların həyatını təhlükə qarşısında qoymur, həm də gələcəyə yönəlmiş qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradır.
Coronavirus pandemiyası yaranandan bəri dövlətimiz prezident cənab İlham Əliyevin rəhbərliyi altında ən mütəşəkkil tədbirlər görən ölkələrdən biri oldu.
  Belə ki, Azərbaycan belə bir çətin məqamda sanki iki seçim qarşısında qalmışdı:”Ya Azərbaycan vətandaşının sağlamlığı əsas götürülməli idi, ya da dövlət büdcəsi ziyan görməsin deyə müəssisələr işləməli idi”. Cənab Prezident İ.Əliyev ölkə vətandaşlarının sağlamlığını ön plana çəkdi. Və qəti şəkildə bildirdi ki, onun yeritdiyi siyasətin təməlində Azərbaycan vətandaşının sağlamlığı dayanır.
  Ölkə iqtisadiyyatına müəyyən zərər dəyməsinə baxmayaraq qısa müddətdə mühüm işlər həyata keçirildi: maska istehsal edən müəssisə işə salındı, spirt istehsalı qaydaya düşdü, modul tipli xəstəxanalar quraşdırıldı, yeni iqtisadi, sosial layihələr üçün vəsait ayrıldı. Bütün bunlardan məqsəd ölkə vətandaşının sağlamlığının qorunması idi.
Pandemiya dövründə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev nəinki daxili siyasətdə, habelə xarici siyasətində də nümunə göstərdi: Dünya müharibəsi ilə müqayisə olunan Covid-19 pandemiyası şəraitində qlobal həmrəyliyə ehtiyac olduğu bir vaxtda dünyanın aparıcı dövlətləri özünütəcrid və lokal xarakter daşıyan tədbirlər görür, geosiyasi təcrübəyə köklənərək milli eqoizm xarakterli addımlar atırdılar. Təəssüf ki, belə çətin vaxtda beynəlxalq münasibətlər sistemində öz yeri olan BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu da görünmür.
  Öz liderlik xarakterinə sadiq qalaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev təşəbbüsü ələ alaraq Qoşulmamaq Hərəkatının sədri kimi 2020-ci il mayın 4-də QH-nın Təmas Qrupunun Covid-19 pandemiyasına həsr olunmuş onlayn Zirvə görüşünü təşkil etdi.
  Tərkibində 120 ölkəni birləşdirən QH-nın BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük təsisat olduğunu nəzərə alsaq, bu görüşün nə qədər əhəmiyyətli olduğunu görərik.
  Azərbaycan Respublikası Covid-19-a qarşı mübarizədə həmrəylik nümayiş etdirərək Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım göstərmişdir.
  Beynəlxalq təşkilatların gözləmə mövqeyi tutaraq passivlik nümayiş etdirdiyi bir vaxtda prezident cənab İlham Əliyev QH ölkələri adından BMT Baş Assembleyasına dövlət və hökümət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə çıxış etmiş və bu təklifə müsbət cavab almışdır.
  BMT Baş Assambleyasının bu təklifi dəstəkləməsi ölkəmizə və ölkə başçımız prezident cənab İlham Əliyevə olan böyük hörmət və etimadın növbəti göstəricisidir.
  Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Təkcə Ermənistan təşəbbüsə qarşı çıxaraq dünya dövlətləri arasında özünü biabır edib, əsl irticaçı mahiyyətini bir daha göstərmiş oldu.
Azərbaycan xalqı olaraq ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda baş tutacaq və pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam səfərbər olmasına şərait yaradacaq.
  İnanırıq ki, QH-də sədrliyi dönəmində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş tədbirlər davam edəcəkdir.
   Xəzər rayonu ictimaiyyəti cənab Prezident  İlham Əliyevin təməlində ölkəsinin müstəqilliyi, vətandaşının sağlamlığı dayanan daxili və xarici siyasətini dəstəkləyir, bu yolda ona uğurlar arzulayır.

                                                                                                                                                                                        Zeynəb Əliyeva
                                                                                                                                                125 nömrəli Tam Orta Məktəbin direktoru

Keçidlər