Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Açıq Mikrafon” təşkil edilib

16 mart 2019 | 16:00

    16 mart 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən “Açıq mikrafon” təşkil edilmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən Şüvəlan qəsəbəsi, Almaz İldrım küçəsi, 58, 60, 62 ünvanlarında yaşayan sakinlərin müraciətləri  dinlənilmişdir. 
    Təşkil olunmuş “Açıq mikrafon”da Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri  və həmin ünvanlarda yaşayan sakinlər iştirak etmişdilər.
   Görüşdə icra başçısı Elşən Salahov açılış nitqi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşların problemlərinin canlı dinlənilməsi  məqsədilə mütəmadi olaraq yerlərdə səyyar görüşlər və “Açıq mikrafon”ların keçirildiyini bildirdi. Ölkə başçısının əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarları, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat məbləğində birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində görülən işlərdən söz açdı. Həmçinin, cənab Prezidentin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı infrastruktur layihələrin həyata keçirildiyini vurğuladı.
      Daha sonra “Açıq mikrofon” qarşısına keçən sakinlər sosial məsələlərlə bağlı çatışmazlıqları RİH başçısının diqqətinə çatdırdılar. İcra başçısı qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi.
     Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Xəzər rayonunda, xüsusilə Şüvəlan qəsəbəsində aparılan abadlıq-quruculuq işlərindən razı qaldıqlarını və görülən işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
     Sonda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qarşıdan gələn Novruz bayramı ilə əlaqadar sakinləri təbrik etmiş, ölkə rəhbərliyinin tapşırığı ilə Bakının bütün rayonlarında olduğu kimi Xəzər rayonunun Mərdəkan qəsəbəsində də Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə fermerlərin məhsullarının satışının təşkil olunduğunu, bayram günlərinə qədər davam edəcəyini, yarmarkada qiymətlərin bazarlardan fərqləndiyini qeyd edərək, vətəndaşlarımızdan təşkil olunan yarmarkaların imkanlarından istifadə etmələrini xahiş etdi.

Keçidlər