Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan strateji enerji infrasturkturunu ələ keçirmək istəyirdi

30 oktyabr 2020 | 16:00

   Məlum olduğu kimi, son bir ay ərzində ölkəmizə qarşı erməni işğalçılarının hərbi hücumunun davam etməsi ilə əlaqədar olaraq hər gün, hər saat gündəmi silkələyən xəbərlər bir-birini əvəz edir. Belə ki, sentyabr ayının 27-də Ermənistanın təcavüzkar ordusunun növbəti dəfə atəşkəs rejimini pozaraq Azərbaycan ərazisini müxtəlif çaplı silahlardan atəşə tutması nəticəsində hərbi qulluqçular və mülki şəxslər arasında qurbanlar olmuşdur. Silahlı Qüvvələrimiz tərəfindən düşmən mövqelərinə vurulan zərbələr nəticəsində tam üstünlüyü ələ alan ordumuzun qazandığı uğurlar hal-hazırda göz önündədir.
   Müharibə şəraiti ilə bağlı dövlət başçımızın apardığı uğurlu, taktiki strategiya artıq bütün dünyaya səs salaraq dünya ictimaiyyətinin marağına səbəb olub desək, heç də yanılmarıq. Keçən zaman kəsiyində yorulmadan, əzmkarcasına Azərbaycan həqiqətlərini müxtəlif ölkələrin kütləvi informasiya vasitələri ilə dünyaya çatdıran Prezident İlham Əliyev bu sahədə əldə olunan nailiyyətləri düzgün seçilmiş strategiyanın nəticəsi kimi dəyərləndirib.

   Oktyabr ayının 26-da dövlət başçımızın Fransanın “Fiqaro” qəzetinə müsahibəsi zamanı səsləndiriyi fikirlər və əsaslandırılmış faktlar da fikrimcə bu baxımdan olduqca təqdirəlayiqdir. Bu ilin iyul ayından etibarən Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü dəfə hərbi təxribat hazırlandığını deyən cənab Prezident onların yeni əraziləri işğal etmək, bununla da Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istədiklərini bildirib. Cənub Qaz Dəhlizi üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, hətta Avropa istehlakçılarını şantaj etmək istəyən terrorçu Ermənistana ciddi cavab verilib. Ölkəmizin nəinki enerji, eyni zamanda, daşımalar üzrə artıq regional mərkəzə, Azərbaycandan keçən neft və qaz kəmərlərinin artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrildiyini Fransa mətbuatının diqqətinə çatdıran rəhbər uğurlu əks-hücum nəticəsində işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsinin azad edildiyini də söyləyib.

   Azərbaycanın mövqeyini öz müsahibəsində açıq olaraq ortaya qoyan cənab Prezident bizim xalqın sülhpərvər kimi tanındığını, 30 ildir erməni terrorunun davam etdiyini və bir sıra çox vacib məqamları dilə gətirərək, oktyabrın 10-da və 17-də gecə vaxtı Gəncə şəhərinə ballistik raketlərlə zərbə vurulduğunu, insan hüquqlarının kobud şəkildə pozulduğunu, buna görə də tərəflər arasında toqquşmaların davam etdiyini bildirərək Azərbaycan hökumətinin münaqişəni siyasi yolla həll etmək istədiyini, lakin qarşı tərəfin çirkin oyunlarla xalqını müharibəyə təhrik etdiyini əsaslandırmağı bacarıb.
   Ermənistan dezinformasiya yaymaqla dünya ictimaiyyətinin fikrini başqa tərəflərə yönəltmək istəyini, Azərbaycan tərəfində türkiyəli hərbçilərin döyüşdüyünün yalan olması fikrini qabardan İlham Əliyev ölkəmizin təkcə Türkiyə və İsraildən deyil, həm də Rusiya, Ukrayna, Belarusiya və digər ölkələrdən silah-sursat aldığını nəzərə çatdırıb. Ermənistan Rusiyadan silahları pulsuz alır. Biz isə onlardan fərqli olaraq aldığımız silahlara görə pul ödəyirik.
   Məlumdur ki, Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk Qrupu həmsədrləri kimi vasitəçiliyi davam etdirirlər. ATƏT-in Minsk Qrupu həmsədr ölkələri artıq 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul ediblər. Lakin bu qətnamələr neçə illərdir icra olunmadığına, BMT Təhlükəsizlik Şurasının qətnamələrə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərilmədiyinə görə, düşmənin hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə bərpa etməli idi. Ermənistan indi dayanarsa və konstruktiv davransa, əgər Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə açıq şəkildə əməl etsə, biz də danışıqlar masasına qayıdarıq. Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər.
   Dövlət başçımız, həmçinin, Türkiyə və Azərbaycan qardaşlığı mövzusuna toxunaraq bizim qardaşlığımızın əbədi olduğunu, bir çox sınaqlardan keçdiyini dilə gətirib. Bu günümüzdə də ən böyük dəstəyi məhz Türkiyədən aldığımızı söyləyərək bizim münasibətlərin böyük tarixi və daha da parlaq gələcəyi olduğunu qeyd edib. Ermənistan hökuməti əhalisini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır: “Sülh müqaviləsi imzalandıqdan sonra kommunikasiya xətləri açılacaq, o cümlədən Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bütün kommunikasiyalar açılacaq. Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Ölkəmizdə yaşayan bütün digər millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi var. İşğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər məscidlərimizdə donuz saxlayırlar. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək”.

"Şaqan Reabilitasiya Pansionatı" PHŞ-nin
                                                                     Direktor-müavini:  Yenibar Hətəmo
v

                                                                                                                                          

Keçidlər