Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib

17 fevral 2023 | 18:11

     Fevralın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə interaktiv təlim keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
     Xəzər Gənclər Evində keçirilən tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin əhəmiyyətindən bəhs edib.
      YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin bu kimi zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu xatırladan Z.Musayeva Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində birgə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər zaman güclü və sağlam görmək istəyirdi. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
      Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amil olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
   Çıxış edən “Narkotizmlə mübarizə” İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib ki, sağlam gəncliyin yetişməsi hər bir cəmiyyət üçün önəmlidir. Ona görə də narkomaniyaya qarşı mübarizədə hər kəs fəal olmalıdır.
“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin əməkdaşı Ruslan Həsənli isə çıxışında narkomaniyaya qarşı mübarizədə birlik və həmrəyliyin önəmindən danışıb. Onun fikrincə, əgər bu məsələdə cəmiyyət yüksək fəallıq nümayiş etdirərsə, nəticə daha uğurlu olacaq.
    Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli narkotik maddələrin insan sağlamlığı üçün törətdiyi fəsadlardan ətraflı bəhs edib. O, gəncləri bu bəladan uzaq olmağa çağırıb.
Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov gənclərin bu zərərli vərdişdən uzaq olmasının vacibliyindən danışıb. O qeyd edib ki, dövlət tərəfindən bu sahədə zəruri tədbirlər həyata keçirilir.
Xəzər rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, baş leytenant Həsən Əliyev isə rayon üzrə narkomaniyaya qarşı mübarizə tədbirlərindən danışıb.
    Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxışında gənclərin bu zərərli vərdişin qarşısının alınmasında rolundan bəhs edib.
     Sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotizmlə mübarizə” İctimai Birliyinin hazırladığı “Ağ ölüm-narkotikə “YOX” deyək!” qısametrajlı film nümayiş olunub. Eləcə də tədbirdə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş bukletlər paylanılıb.
      Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər