Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı qeyd edildi

28 mart 2023 | 10:53

    Xəzər rayonunda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib.
27 mart tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, DTX-nın Xəzər rayon İdarəsinin rəisi Rəşad Cəfərov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, DTX-nın Xəzər rayon İdarəsinin əməkdaşları, Dövlət Təhlükəsizlik Xidmətinin veteranı Həsənağa Ağayev, Hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
   Tədbir iştirakçıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Mərdəkan Mədəniyyət Sarayında davam edən tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
  Sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək Azərbaycan milli təhlükəsizlik orqanlarının inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir çox işlərin görüldüyünü qeyd edib.
   DTX-nın Xəzər rayon İdarəsinin rəisi Rəşad Cəfərov çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-nin Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunduğunu vurğulayaraq, Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
   Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin veteranı Həsənağa Ağayev və hüquq mühafizə orqanlarının rəhbərləri çıxış edərək Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.
   Tədbirin sonunda Xəzər rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə Dövlət Təhlükəsizliyi Xidmətinin Xəzər Rayon İdarəsinin bir qrup əməkdaşına Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib.

Keçidlər