Şriftin ölçüsü :

Saytın rəngi :

İçməli sudan qanunsuz istifadənin qarşısının alınması məqsədilə Xəzər rayonunda müşavirə keçirilib

19 may 2023 | 15:04

  Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, içməli sudan qeyri-qanuni istifadə hallarının aşkarlanması və aradan qaldırılması, su itkilərinin minimuma endirilməsi, israfçılığın qarşısının alınması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi birgə müşavirə keçirib.
  18 may 2023-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən müşavirədə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, “Azərsu” ASC –nin Planlaşdırma Departamentinin rəisi, Xəzər Rayon Sukanal İdarəsinin rəisi və   Texniki şöbənin rəisi, Xəzər rayon MKTB-nin rəisi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
  Keçirilən müşavirədə sudan səmərəli istifadə, qeyri-qanuni qoşulma hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə edilib.
  Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov müşavirə iştirakçılarını salamlayaraq qonaqları təqdim edib.
  Giriş nitqi ilə çıxış edən Elşən Salahov qlobal iqlim dəyişiklikləri ilə əlaqədar dünyanın bir çox ölkələrində olduğu kimi son zamanlar Azərbaycanda da quraqlıq səbəbindən su ehtiyatlarının azaldığını qeyd edərək, hər bir vətəndaşın sudan səmərəli istifadə etməli olduğunu və qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərində yerli icra orqanlarının da fəal iştirak etməklə xidmət təşkilatlarına lazımi dəstəyin göstərildiyini vurğulayıb.
  “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə imzaladığı sərəncamla təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq su itkilərinin, israfçılığın və sudan qanunsuz istifadənin aradan qaldırılması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Artıq bu istiqamətdə yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət gücləndirilib. Sudan qeyri-qanuni istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılmasında yerli icra hakimiyyətinin dəstəyi müsbət nəticələr verir. Abşeron yarımadasında fəaliyyət göstərən sukanal idarələri üzrə işçi qrupları yaradılıb və ciddi işlər görülür. Araşdırmalar göstərir ki, bir sıra sahibkarlıq subyektləri və fərdi evlərin sahibləri sudan qanunsuz və uçotsuz istifadə edir, bunların yolverilməz olduğu onların diqqətinə çatdırılır və maarifləndirmə işləri aparılır.
  Sonda müşavirə iştirakçıları içməli sudan səmərəli istifadənin təmin olunması, israfçılığın qarşısının alınması, qeyri-qanuni istifadə hallarının aşkarlanması və aradan qaldırılması istiqamətində Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə fəaliyyətin daha da gücləndirilməsi və müvafiq kompleks tədbirlərin həyata keçirilməsində nəzarəti gücləndirmək qərarı alınıb.

Keçidlər