Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunda yeni təmirdən çıxmış 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının açılış mərasimində iştirak edib.

11 aprel 2013 | 15:00

        Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 10-da Mərdəkan qəsəbəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə tanış olub.
        Bildirilib ki, xəstəxana 1983-cü ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə istifadəyə verilib. Həmin gündən ötən dövr ərzində xəstəxana və onun nəzdindəki uşaqlar və böyüklər üçün poliklinikaların əsaslı təmirə ehtiyacı yaranmışdı.
        Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Proqramı çərçivəsində bu səhiyyə ocağında da 2011-ci ilin iyul ayından əsaslı təmir işlərinə başlanılmışdı.
        Xəstəxana Xəzər rayonu ərazisindəki ən iri səhiyyə ocağıdır və ümumi ərazisi 4 hektardır. Beşmərtəbəli bina 140 çarpayılıqdır və burada əhaliyə 614 nəfərlik tibbi heyət xidmət göstərəcək.
        Xəstəxanada uşaq, cərrahiyyə, anesteziologiya, reanimasiya, ginekologiya, doğuş, sinir və daxili xəstəliklər, təcili yardım şöbələri, qadın məsləhətxanası fəaliyyət göstərəcək. Tibb müəssisəsi Almaniya istehsalı olan ən keyfiyyətli avadanlıq ilə təchiz olunub.
        Əsaslı təmirdən sonra yüksək səviyyədə qurulan poliklinikalarda 27 min uşağa və 45 min böyüyə keyfiyyətli tibbi xidmət göstəriləcək. Bu poliklinikaların xidmətindən Mərdəkan ilə yanaşı, Şüvəlan, Şağan və  Qala qəsəbələrinin əhalisi də istifadə edəcək.
        Mehriban Əliyeva xəstəxananın kollektivi ilə görüşdü, səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik etdi. Mehriban Əliyeva Prezident İlham Əliyevin də təbriklərini onlara çatdırdı. Əsaslı təmirdən sonra xəstəxanada həm əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi, həm də həkimlərin fəaliyyəti üçün gözəl şərait yaradıldığını qeyd edən Mehriban Əliyeva Bakıətrafı qəsəbələrdə geniş abadlıq-quruculuq işlərinin məmnunluq doğurduğunu dedi.

         Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər